Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin ilk iclası keçirilib

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin ilk iclası keçirilib
# 22 yanvar 2010 08:34 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin 2010-cu ildə yaz sessiyası çərçivəsində ilk iclası keçirilib. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda “Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” 2009-cu il 24 fevral tarixli qanunun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına təklif olunan əlavə və dəyişikliklərə baxılıb. Qeyd olunub ki, “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən əlavə və dəyişikliklərə görə, müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan sonra ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malik olacaqlar.

Komitənin sədri Ziyafət Əsgərov diqqətə çatdırıb ki, bu qanun təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisələrə şamil olunacaq. Əlavə və dəyişikliklərin əsas məqsədi hərbi qulluqçuların sosial müdafiəsini gücləndirməkdir.

Layihənin müzakirəsi zamanı deputatların rəy və təklifləri dinlənildikdən sonra sənəd Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR