Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu başa çatıb - YENİLƏNİB

Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu başa çatıb - <font color=red>YENİLƏNİB</font>
# 23 yanvar 2010 17:21 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirin moderatoru rolunda çıxış edən Rusiyanın «İTAR-TASS» dövlət informasiya agentliyinin baş direktoru Vitali İqnatenko forumun uğurla keçdiyini vurğulayıb. Onun fikrincə, toplantı iki ölkənin daha da yaxınlaşmasına müsbət təsir göstərəcək, mənəvi dəyərlərin inkişaf etdirilməsi istiqamətində isə birlikdə daha ciddi nailiyyətlər əldə etmək mümkündür.

Azərbaycan Prezidentin İcra Aparatının başçısı Ramiz Mehdiyev isə öz növbəsində qeyd edib ki, forumun keçirildiyi günlər dostluq və qarşılıqlı anlaşmanın sınaq dövrü olub və bunun nəticələri uğurlu nailiyyət kimi qiymətləndirilməlidir: «Forumda səslənən bir fikrə əsasən, sərhədlər dövlətləri bölür, mədəni əlaqələr isə onları asanlıqla dəf edir. Mən bu fikirlə tam razıyam. Bizim üçün xalqlarımızın bir-birini daha yaxşı başa düşməsi vacibdir. Biz forumun əsas təşəbbüskarları olan prezidentlərimizin etimadını tam doğrultmuşuq».

R.Mehdiyev qeyd edib ki, forum Azərbaycan və Rusiya xalqlarının rifahı naminə görüləcək böyük və genişplanlı bir işin başlanğıcıdır: «Foruma dəstək verilməlidir – mütləq onu gələcəyə aparacaq gənclər forumu təşkil olunmalıdır». O həmçinin vurğulayıb ki, tədbir iştirakçıları forumun hər il, ardıcıl olaraq Bakı və Moskvada keçirilməsi və ona beynəlxalq statusun verilməsi təklifini də dəstəkləyiblər.

Azərbaycanın sosial-iqtisadi inkişafı və gələcək planları haqqında danışan prezident administrasiyasının rəhbəri bildirib ki, müasir sənaye mərkəzinə çevrilməsi planlaşdırılan Sumqayıt şəhərinin hərtərəfli inkişaf etdirilməsi, Ələt qəsəbəsi yaxınlığında regionun ən iri dəniz limanının yaradılması, gəmirqayırma müəssisəsinin inşası, yeni məktəb, mədəniyyət və s. obyektlərin tikintisi nəzərdə tutulub.

Rusiyanın prezident administrasiyasının başçısı Sergey Narışkin isə öz növbəsində qeyd edib ki, Bakı forumu dövlətlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində atılan növbəti addım olacaq: «Bizim ikitərəfli əlaqələrin tarixi yüzilliklərlə ölçülür, burada Rusiyaya çox yaxın bir xalq yaşayır. İnsanlar arasındakı münasibətlər dövlətlərin yaxınlaşması istiqamətində mühüm rol oynayır».

Bu il Böyük Vətən Müharibəsinin başa çatmasının 65-ci il dönümünün qeyd olunacağını vurğulayan S.Narışkinin fikrincə, analoji forumların keçirilməsi xalqların bir-birini daha yaxşı tanıması üçün yaxşı şərait yaradır və tarixin gənclərə dolğun və həqiqi formada çatdırılması vacibdir.

Rusiya prezidentinin beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, bu cür tədbirlərin keçirilməsinə böyük tələbat var və onlar prezidentlərin partronajlığı altında keçirilməlidir. O həmçinin gənclər forumunun keçirilməsi ideyasını dəstəklədiyini bildirib və analoji tədbirlərin biznes təmsilçiləri tərəfindən təşkilini də vacib sayıb.

Tədbirdə çıxış edən tanınmış yazıçı Çingiz Abdullayev Azərbaycanı rus yazıçısı Aleksandr Qriboyedovun «Ağıldan bəla» romanının qəhrəmanı Çatskiyə, onun sevdiyi Sofyanı Rusiyaya, Ermənistanı isə Sofyanın bəyəndiyi Molçalina bənzədib. Dağlıq Qarabağ münaqişəsi barədə danışan Ç.Abdullayev xatırladıb ki, II Cahan Müharibəsi bitəndən sonra Rusiya ilə Yaponiya sülh müqaviləsi imzalamalı idi, 4 adadan 2-si Rusiyaya, 2-si isə Yaponiyaya keçməli idi. Lakin həmin müqavilə bu günə kimi imzalanmayıb. Bunun səbəbi isə onunla bağlıdır ki, Rusiya iki qayalıq adanı yapon tərəfinə vermək istəmir: «Bəs onda Rusiya 20% torpağını vermək istəməyən Azərbaycanı niyə başa düşmək istəmir».

Ç.Abdullayev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən hamı başa düşürdü ki, qonşunun evi yanırsa, digər qonşular onu söndürməlidir: «Lakin belə olmadı, həmin od digər qonşulara da keçdi və bu gün bu alov Abxaziyada, Cənubi Osetiyada, İnquşetiyada alovlanır, bütün Qafqaz od içindədir».

Yazıçının fikrincə, bu münaqişənin açarı həmişə Moskvada olub: «Özünüz razılaşın, biz isə qəbul edəcəyiniz qərarı dəstəkləyəcəyik» düsturu özünü doğrultmur. Arxasında güclü Rusiya ordusu duran Ermənistanla dil tapmaq mümkün deyil». O həmçinin bildirib ki, Azərbaycan xalqı 200 ildir Rusiya mədəniyyəti ilə əlaqəlidir, onu özününkü hesab edir. «Bu illər ərzində Rusiyanın bizə etdiyi yaxşılıqları həmişə dəyərləndirmişik və dəyərləndiririk. Biz bilirik ki, dünya mədəniyyətini aşılamağa bizə rus dili kömək edib, Rusiya dahi Puşkin, Lermontov, Dostoyevski, Çexov, Tolstoyun vətənidir. İnanırıq ki, bizim ağrımızı Rusiyada da başa düşəcəklər və anlayacaqlar ki, nədən hər bir azərbaycanlı hər hansı tribunaya çıxarkən Qarabağ problemindən başqa heç nədən danışa bilmir», - deyə Ç.Abdullayev vurğulayıb.

Tədbirdə həmçinin prezident aparatının şöbə müdirləri, millət vəkilləri, nazirlik və komitə rəhbərləri, dini konfessiyaların rəhbərləri, ziyalılar, ictimai xadimlər iştirak ediblər. Forum iştirakçıları Azərbaycan və Rusiya prezidentlərinə müraciət qəbul ediblər və onlardan forumun fəxri prezidentləri olmasını xahiş ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR