Milli Məclisin yaz sessiyasının ilk iclasında 14 məsələyə baxılacaq

Milli Məclisin yaz sessiyasının ilk iclasında 14 məsələyə baxılacaq
# 29 yanvar 2010 10:41 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçiriləcək. APA-nın xəbərinə görə, iclasın gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib. İlk iclas günündə Milli Məclisin 2010-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, intizam və hesablayıcı komissiyaların yenidən təşkili məsələlərinə baxılacaq. Bundan başqa, Azərbaycanla Qazaxıstan arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında saziş, eyni zamanda “Azərbaycanla Qazaxıstan arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” saziş təsdiqlənəcək.
Toplantıda “Polis haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna və 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli qanunla təsdiqlənən “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”na əlavə və dəyişiklik edilməsi də müzakirəyə çıxarılacaq. Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsinə də münasibət bildiriləcək.
İclasda Mülki-Prosessual Məcəlləyə dəyişikliklər və əlavələr edilməsi haqqında 2009-cu il 26 may tarixli 819-IIIQD nömrəli qanunun tətbiq edilməsi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə məsələ, eyni zamanda Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 2009-cu il 24 fevral tarixli 771-IIIQD nömrəli qanunun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında qanunun layihəsi də müzakirə olunacaq.
Son olaraq “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR