Vasif Talıbov ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb

Vasif Talıbov ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb
# 30 yanvar 2010 11:44 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev-APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yanvarın 29-da ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorellə görüşüb. APA-nın Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətinin məlumatına istinadən verdiyi məlumata görə, görüşdə səfir Naxçıvana səfərində əsas məqsədin 2010-cu ildə muxtar respublikada bəzi layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparmaqdan ibarət olduğunu deyib.

Ali Məclisin sədri ATƏT-in Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərdiyini və ilk dövrlərdə Bakı ofisi ilə Naxçıvan MR arasında əlaqələrin qənaətləndirici olmadığını, son illərdə isə əlaqələrin genişləndiyini bildirib. Ötən illərdə ATƏT-in muxtar respublikada 8 layihə üzrə müxtəlif tədbirlər keçirdiyini xatırladan V. Talıbov indiyədək “Vəkillərin davamlı peşə təliminə dəstək” layihəsi çərçivəsində Naxçıvan MR İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları üçün təlim keçirildiyini, Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin tələbələrinə vəkillik mövzusunda mühazirələr oxunulduğunu, seçkilərlə bağlı layihə çərçivəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı məlumat xarakterli seminarların təşkil edildiyini vurğulayıb.

Ali Məclis sədri ətraf mühit məsələləri üzrə layihə çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə birgə çayların monitorinqi və “Yaşıl paket” layihələri, “Biznesin və investisiya mühitinin inkişafı sahəsində müsbət təcrübələr” mövzusunda seminar və digər təlimlərin təşkil olunduğunu da qeyd edib.

Görüşdə ATƏT-in Bakı ofisinin xətti ilə Naxçıvan MR-də həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında fikir mübadiləsi aparılıb.

Naxçıvan MR-ə səfəri çərçivəsində səfir Cankorel muxtar respublikanın daxili işlər naziri, ədliyyə naziri, ombudsman, Ali Məhkəmənin sədri və digər qurumların təmsilçiləri ilə görüşüb. Səfərdə Əli Bilgə Cankoreli ofisin qanunun aliliyi şöbəsinin müdiri Monika Martinez müşayiət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR