Əli Əhmədov: “Seçki komissiyaları seçkilərin taleyini həll edən orqan deyil”

Əli Əhmədov: “Seçki komissiyaları seçkilərin taleyini həll edən orqan deyil”
# 08 aprel 2010 10:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı səslənən təkliflərin ciddi əsasının olmadığını bəyan edib. APA-nın məlumatına görə, YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, Azərbaycanda seçki komissiyalarının mövcud formatı 2000-ci ildə ATƏT-in təklifi əsasında formalaşıb: “Bəzən belə təəssüratlar yaranır ki, beynəlxalq təşkilatlar Azərbaycanda seçki komissiyalarının tərkibini dəyişdirməklə hansısa layihələrini həyata keçirmək istəyirlər. Biz istəməzdik ki, Azərbaycan hansısa təşkilatların istəyinə xidmət edən poliqona çevrilsin, yeniliklərin sınaq meydanına çevrilsin”. Ə. Əhmədovun sözlərinə görə, bu vaxta qədər keçirilən seçkilərdə hazırkı format özünü doğruldub: “Bir müddət əvvəl seçki komissiyalarının paritet əsaslarla yaradılması cəhdi göstərildi. Amma bu cəhddən əks tərəf seçkiləri pozmaq üçün çalışdı. Ona görə də bu, bizim və kiminsə istəyindən asılı olaraq yox, şəraitə uyğun məcburi olaraq qəbul etməli olduğumuz bir formatdır. Komissiyaların tərkibini yenidən dəyişdirilməsinə ehtiyac duymuram, hesab edirəm ki, seçki komissiyaları seçkilərin taleyini həll edən orqan deyil. Seçki komissiyalara sadəcə namizədlərə verilən səsləri qeydə alır. Kimsə başqa cür fikirləşirsə, bu fikirlərinə uyğun təkliflər irəli sürürsə, bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur. Xalqın iradəsindən kənar seçki keçirmək və seçki komissiyalarının hesabına nəticə əldə etmək demokratiya deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR