Həsrət Rüstəmov: “ADP ilə Ümid Partiyasının birgə seçki bloku yaratması variantı yoxdur”

Həsrət Rüstəmov: “ADP ilə Ümid Partiyasının birgə seçki bloku yaratması variantı yoxdur”
# 09 aprel 2010 12:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müxalifətin bu il keçiriləcək parlament seçkilərində iştirakı ilə bağlı ən müxtəlif variantlar var, amma bu variantların içərisində Demokrat Partiyası ilə Ümid Partiyasının birgə seçki bloku yaratması yoxdur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov deyib. O bildirib ki, ADP yenə də müxalifətin ümumi birliyinin yaradılması təklifi ilə çıxış edir, bunun baş tutmayacağı halda isə heç olmasa bu düşərgənin iki seçki bloku ilə seçkiyə qatılmasını vacib sayır: “Amma bu da olmadığı təqdirdə, hər partiya seçkiyə ayrılıqda getməlidir. ADP ilə Ümid Partiyasının seçkiyə birgə getməsinin xüsusi əhəmiyyəti yoxdur. Bu iki partiyanın seçkiyə birgə qatılması müxalifətin elektoratına xüsusi bir mesaj verməyəcək. Amma dairələr üzrə namizədlərin razılaşdırılması istənilən partiya ilə aparılmalıdır”.

H. Rüstəmov müxalifətin ümumi birliyinin yaradılması şansının hələ tükənmədiyini də söyləyib: “Bu günə qədər müxalifət partiyalarının heç biri ümumi birliyin yaradılması fikrindən konkret olaraq imtina etməyib. Ona görə də düşünürük ki, bu istiqamətdə hələ şanslar var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR