Yaşar Əliyev: “Aksiyanın qanunsuz olduğu barədə müsavatçı deputatlara xəbərdarlıq edilmişdi”

Yaşar Əliyev: “Aksiyanın qanunsuz olduğu barədə müsavatçı deputatlara xəbərdarlıq edilmişdi”
# 14 aprel 2010 09:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Mən aksiya keçirilən ərəfədə Müsavat Partiyasından olan deputatlarla görüşüb, onlara bu gün keçirilən aksiyanın qanunsuz olduğu barədə xəbərdarlıq etdim. Onlara deyildi ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiyalar keçirmək üçün paytaxtın 11 ərazisində yerlər ayırıb. İstənilən vaxt müraciət edib, o yerlərdə aksiyalar keçirə bilərlər. Onlar da bizimlə razılaşıb getdilər”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyev deyib. Y. Əliyev Müsavat Partiyasının bir qrup üzvünün Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirdiyi aksiyanın iştirakçılarından 5-6 nəfərin saxlanılaraq, Səbayel rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində aparıldıqlarını bildirib.

Jurnalistlərin aksiyanın qarşısının alınmasında polislərlə yanaşı, mülki geyimli şəxslərin də olması və onların mətbuat nümayəndələrinin fəaliyyətinə maneçilik törətmələri barədə suallarına cavab olaraq Y. Əliyev bunları deyib: “Aksiyanın qarşısını alan polislər hamısı formada olub. Mülki geyimlilər isə təxribatçılardır. O təxribatçılar isə müxalifətçilər özləri olublar. Polis jurnalistlərə qarşı heç vaxt kobudluq edə bilməz. Jurnalistlərə mane olanlar polislər deyil. Biz bütün polislərə tapşırıq vermişik ki, jurnalistlər qarşı nəzakətli olsunlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR