Müsavat Partiyası AXCP-nin namizədlərini müdafiə etməyəcək

Müsavat Partiyası AXCP-nin namizədlərini müdafiə etməyəcək
# 22 aprel 2010 11:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası aprelin sonuna kimi kütləvi aksiya keçirməyəcək. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, “Azadlıq” blokunun aprelin 25-nə, Müsavat Gənclər Təşkilatının isə aprelin 30-na aksiya təyin etməsini nəzərə alan Müsavat rəhbərliyi aprelin sonuna kimi kütləvi aksiya keçirmək niyyətində deyil. O, partiyanın növbəti kütləvi tədbirinin may ayının birinci ongünlüyündə olacağını deyib. “Azadlıq” blokunun aprelin 25-nə təyin etdiyi aksiyada Müsavatın iştirak edib-etməyəcəyinə gəldikdə, A. Hacılı bu barədə konkret fikir söyləməyi mümkün saymayıb: “Blokun qərarının hansı şəkildə icra olunacağı məlum deyil və mənə elə gəlir ki, bu suala qərarın icrası ərəfəsində cavab vermək daha düzgün olar”.

A. Hacılı Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaq arasında aparılan danışıqlar haqda da məlumat verib: “Biz bütün razılaşmalar əldə olunmamış ayrı-ayrı razılaşmaları razılaşma kimi dəyərləndirmirik. Ona görə də DUİ ilə razılaşmanın olduğunu bəyan etmək düzgün olmaz. Çünki Müsavat Partiyası hələ öz strukturlarında hansı namizədləri müdafiə edəcəyi barədə qərar qəbul etməyib. Bu proses sürətlə davam edir və mayın sonuna kimi yekunlaşacaq. Digər təşkilatlara, o cümlədən DUİ və ayrı-ayrı şəxslərə hansısa dairələr güzəştə gediləcəksə, ondan sonra yekun qərarların qəbul edilməsi mümkün olacaq”.

A. Hacılı Müsavat Partiyasının AXCP-nin namizədlərini müdafiə etməsini mümkün saymayıb: “Biz AXCP ilə əməkdaşlıq məsələlərini müzakirə etməyə hazır olduğumuzu bildirmişik. Bu günə kimi onlar bizim müraciətimizə cavab verməyiblər. AXCP-nin bizimlə əməkdaşlığa meyl göstərmədiyi və hətta ilkin müzakirələrə başlamağa hazır olmadığı bir şəraitdə bizim onların namizədlərini müdafiə etməyimiz ehtimalı çox azdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR