BAXCP rəhbərliyi türk əsgərlərinin abidəsini ziyarət edib

BAXCP rəhbərliyi türk əsgərlərinin abidəsini ziyarət edib
# 24 aprel 2010 11:25 (UTC +04:00)
Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev və partiyanın rəhbərliyinə daxil olan digər şəxslər Azərbaycanın istiqlalı və Azərbaycan türklərinin erməni hərbi birləşmələrinin soyqırımından xilası uğrunda canlarını fəda etmiş qəhrəman türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət ediblər. BAXCP-dən APA-ya verilən məlumata görə, Şəhidlər Xiyabanında Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalandığı abidə önünə əklil qoyan partiya nümayəndələri bununla uydurma “erməni soyqırımı” iddialarına və bu iddaları dəstəkləyənlərə etirazlarını bildiriblər.

Q. Həsənquliyev tarixdə ermənilərə qarşı hər hansı soyqırımın olmadığını, əksinə, türk əsgərlərinin Azərbaycan xalqını soyqırımından xilas etdiyini dilə gətirib: “Qan qardaşlarımız köməyimizə gəlməsəydi, Bakı Azərbaycanın paytaxtı kimi mövcud olmayacaqdı. Türklər tarix boyu heç bir millətə qarşı soyqırım həyata keçirməyiblər, əksinə, yaratdıqları böyük imperiyaların sərhədləri çərçivəsində yaşayan bütün kiçik xalqları himayə edib, qoruyublar".

BAXCP sədri qeyd edib ki, bəzən Türkiyə və Azərbaycan hakimiyyətləri arasında yarana biləcək fikir ayrılıqları heç bir halda millətimizin birliyinə xələl gətirməyəcək: “Türkiyədə hakimiyyətdə olan hər hansı siyasi dairənin atdığı səhv addımlar tənqid olunursa, bu, Azərbaycan türklərinin öz soydaşlarına qarşı münasibəti kimi qəbul olunmamalıdır. Biz bir millət, fəqət iki ayrı dövlətik. Dövlətlər arasında istər-istəməz müəyyən narazılıqlar ola bilər. Lakin bu kiçik narazılıqlar, iradlar bizi öz hədəflərimizdən yayındırmamalıdır. Azərbaycan-Türkiyə münasibətləri bütün türk dünyası üçün cazibədar bir modelə, sarsılmaz bünövrəyə çevrilməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR