Milli Məclis “Normativ hüquqi aktlar haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Milli Məclis “Normativ hüquqi aktlar haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib
# 27 aprel 2010 14:41 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında “Normativ hüquqi aktlar haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. APA-nın xəbərinə görə, sənəd haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi ilə bağlı birinci oxunuşda səsləndirilən rəy və təkliflər nəzərə alınıb. Ə. Hüseynov qanun layihəsi ilə bağlı geniş ictimai müzakirənin təşkil ediləcəyini deyib.

Müzakirələr zamanı çıxış edən deputat Xanhüseyn Kazımlı deyib ki, qanun layihəsində redaktə xarakterli problemlər var. Onun sözlərinə görə, növbəti oxunuşa kimi sənəddə olan çatışmazlıqlar aradan qaldırılmalıdır.

Deputat Əli Məsimli qanun layihəsinin mühüm əhəmiyyətə malik olduğunu deyib, bu sənədlə bağlı ictimai müzakirələrin daha geniş şəkildə keçirilməsinin zəruriliyini vurğulayıb: “Azərbaycanda demək olar ki, bütün sahələrdə normativ aktlar qəbul olunub. Əsas məsələ bu aktlara nəzarətdir”.

Deputat Pənah Hüseyn qanunun dilinin sadələşdirilməsi təklifini irəli sürənlərin yanlış mövqedə olduğunu bildirib. Onun sözlərinə görə, qanunun öz dili var və buna riayət olunmalıdır.

Deputat İlyas İsmayılov müzakirə edilən sənədin Konstitusiya qanunu olduğunu diqqətə çatdıraraq, onun mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Bu qanun hüquqi boşluqları aradan qaldırmalıdır”.

Deputat Baba Tağıyev sənədin mükəmməl səviyyədə hazırlandığını, lakin bir sıra maddələrdə terminlərin anlaşılmaz formada yazıldığını deyib: “Qanun elə yazılmalıdır ki, onu sadə xalq başa düşsün. Qanunda mürəkkəb ifadələrin işlədilməsi düzgün deyil”.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib.

İclasda həmçinin “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatğının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bahar Enerci Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi ratifikasiya edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR