Qurultay üçün yer istəyən AXCP-yə hələ cavab verilməyib

Qurultay üçün yer istəyən AXCP-yə hələ cavab verilməyib
# 09 avqust 2010 10:28 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultay keçirmək üçün yer ayrılması ilə bağlı müraciətinə hələ cavab verməyib. Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib. O bildirib ki, şəhər rəhbərliyi qurultay keçirmək üçün AXCP-yə yer ayırmasa, əvvəlcə yerli məhkəmə instansiyalarına, daha sonra isə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacaq: “Ancaq mən inanmaq istəyirəm ki, məsələnin bu qədər böyüməsinə ehtiyac olmayacaq”.

N. Məmmədlinin sözlərinə görə, qurultaya hazırlıq işləri demək olar ki, yekunlaşıb və əksər rayon təşkilatında konfranslar keçirilib: “Yalnız bir neçə rayon qalıb ki, bu həftə, yaxud gələn həftənin əvvəllərində konfrans keçiriləcək. Bununla da biz qurultayın nümayəndələrini tam tərkibdə seçmiş olacağıq. Hazırlıq işlərini xüsusi qrup həyata keçirir. Hazırda qurultayın ssenarisi, çağırılacaq qonaqlar və s. məsələlərlə bağlı işlər görülür”.

Sədliyə neçə namizəd olacağı barədə məlumata malik olmadığını deyən N. Məmmədli əlavə edib ki, AXCP-də hər bir şəxs öz namizədliyini sürə, yaxud sürdürə bilər: «Ancaq şəxsən mən AXCP-də sədrlik postu üçün Əli Kərimliyə rəqib ola biləcək ikinci bir namizəd təsəvvür eləmirəm. Buna görə də qurultay iştirakçılarının böyük əksəriyyətinin Əli Kərimliyə səs verəcəyinə şübhəm yoxdur».

Qeyd edək ki, AXCP-nin qurultayı avqustun 21-nə planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR