BAXCP Pakistanda təbii fəlakətdən ziyan çəkənlərə yardım məqsədilə müvafiq bank hesabına pul köçürüb

BAXCP Pakistanda təbii fəlakətdən ziyan çəkənlərə yardım məqsədilə müvafiq bank hesabına pul köçürüb
# 16 avqust 2010 10:42 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

BAXCP İdarə Heyətinin müzakirəyə çıxardığı ilk məsələ Pakistanda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı dost ölkənin Bakıdakı səfirliyinin Azərbaycan ictimaiyyətinə müraciəti olub. Pakistanın Azərbaycanla əlaqəli bütün məsələlərdə səmimi mövqe tutduğunu və hər zaman Azərbaycanın yanında olduğunu xüsusi vurğulayan BAXCP İdarə Heyəti bütün ölkə vətəndaşlarını müqəddəs Ramazan günlərində qardaş ölkəyə yardım etməyə çağırıb. BAXCP-nin səlahiyyətli nümayəndəsi partiyanın adından Pakistan Milli Bankının Bakı filialında (İstiqlaliyyət küçəsi 41) açılmış 4501000000203000 saylı hesaba təbii fəlakətdən ziyan çəkənlərə yardım məqsədilə pul vəsaiti köçürüb.

İdarə Heyətində Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin anım gününün qeyd edilməsi də müzakirə olunub. İdarə Heyətinin qərarına əsasən avqustun 22-də saat 10:00-da BAXCP rəhbərliyi və rayon təşkilatlarının təmsilçiləri Əbülfəz Elçibəyin məzarını ziyarət edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR