AMİP rəhbərliyi ABŞ səfirliyinin təmsilçiləri ilə görüşüb - FOTO

AMİP rəhbərliyi ABŞ səfirliyinin təmsilçiləri ilə görüşüb - <font color=red>FOTO</font>
# 30 avqust 2010 14:30 (UTC +04:00)
Bakı-APA. AMİP-in müvəqqəti qərargahında partiya sədri Yusif Bağırzadə və baş katib Arzuxan Əlizadə ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasət şöbəsinin rəhbəri Rayan Kəmpbel və demokratiya və insan haqları üzrə müşavir xanım Brijit Buşe arasında görüş keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda qarşıdan gələn parlament seçkiləri və seçkiqabağı mühit, ölkədəki ictimai-siyasi vəziyyət, insan haqları, Dağlıq Qarabağ problemi, regional məsələlər və Güney Azərbaycanda gedən proseslər müzakirə predmeti olub.

AMİP sədri Y. Bağırzadə seçki və seçki qabağı mühit barədə rəhbərlik etdiyi partiyanın mövqeyini çatdıraraq qeyd edib ki, AMİP ölkədə ilk yaranan partiya olaraq böyük seçki təcrübəsinə malikdir və 2010-cu ilin payızında keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq işlərinə start verib. Bununla bərabər ölkədə demokratik inkişafın və hüquqi cəmiyyətin qurulmasının seçkilərdən birbaşa asılı olduğunu deyən AMİP sədri bildirib ki, məhz buna görə də rəhbərlik etdiyi siyasi təşkilat həmişə seçkilərə xüsusi önəm verib.

AMİP-in baş katibi Arzuxan Əlizadə Dağlıq Qarabağ probleminin ədalətli həllinin təmsil etdiyi partiyanın yürütdüyü siyasətində prioritet sahə olduğundan və bu problemin tezliklə çözülməsində Birləşmiş Ştatların əhəmiyyətli rolundan danışıb. O, ABŞ hökumətinin Azərbaycana səfir göndərilməsinin gecikdirilməsində partiyanın narahatlıqlarını ifadə etməklə yanaşı, ABŞ-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi və regionda təsirini artırması üçün fəallığını artıracağına ümidvar olduğunu söyləyib. O, həmçinin Güney Azərbaycanda gedən proseslərə Birləşmiş Ştatların diqqət yetirməsini alqışlayıb.

Cənab Rayan Kəmpbel və Brijit Buşe isə öz növbəsində təmsil etdikləri dövlətin Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük önəm verdiyini və bu seçkiləri diqqətdə saxlayacağını bildiriblər. Görüşdə AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev, mətbuat və təbliğat katibi Əli Orucov da iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR