AŞ PA-nın payız sessiyasında 15 ölkədən olan parlamentarların imzası ilə Dağlıq Qarabağ münaqişəsinə dair yazılı sənəd yayılıb

AŞ PA-nın payız sessiyasında 15 ölkədən olan parlamentarların imzası ilə Dağlıq Qarabağ münaqişəsinə dair yazılı sənəd yayılıb
# 05 oktyabr 2010 14:46 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun payız sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd hazırlayıb. APA-nın sessiyanın işini işıqlandıran Avropa bürosunun əməkdaşının verdiyi məlumata görə, yazılı bəyannamə şəklində tərtib olunmuş və "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin sürətləndirilməsi zərurəti" olan bu sənəd ingilis, fransız dillərində nəşr edilərək Avropa Şurasında yayılıb. Sənədi Avropa Şurasına üzv olan 15 ölkədən 20-dən artıq parlamentar imzalayıb. AŞ PA-nın nizamnaməsinə uyğun olaraq, yazılı bəyannamələr yalnız nəşr edilərək yayılmır, həm də Rəyasət Heyəti tərəfindən plenar iclasda elan edilir. Əgər sessiya ərzində imzası ilə sənədə tərəfdar çıxan başqa deputatlar olursa, bu halda yazılı bəyannamə həmin imzalar da əlavə edilməklə, yenidən kütləvi tirajla nəşr edilir.

Sənəddə bildirilir ki, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə, bir milyona yaxın vətəndaşının qaçqın və məcburi köçkünə çevrilməsinə, minlərlə itki verməsinə baxmayaraq, Azərbaycan münaqişənin hərbi vasitələrə əl atmadan həll edilməsinə ardıcıl olaraq səy göstərir: “AŞ PA-nın 2005-ci il 25 yanvar tarixli 1416 saylı qətnaməsi də Dağlıq Qarabağ və onun ətrafındakı daha 7 Azərbaycan rayonunun Ermənistan tərəfindən zəbt olunması, azərbaycanlılara qarşı etnik təmizlənmə aparılması, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğunu göstərməklə yanaşı, münaqişənin diplomatik vasitələrlə, sülh yolu ilə həllini vacib sayır. ABŞ, Fransa və Rusiya prezidentləri "Böyük Səkkizliyin” 2009-cu il İtaliyada, 2010-cu il Kanadadakı görüşlərində birgə bəyanat verərək, hərtərəfli sülh sazişi layihəsinin hazırlanmasına ehtiyacını ifadə ediblər. Bu fonda ATƏT-in Minsk Qrupunun problemin tezliklə həllini nəzərdə tutan yenilənmiş Madrid prinsipləri ilə əlaqədar təkliflərinə Ermənistanın cavab verməməsi və 2010-cu ilin yayından etibarən, atəşkəs rejimini bütün təmas xətti boyunca mütəmadi şəkildə pozması narahatlıq doğurur. Ermənistan sülh sazişi əvəzinə diqqəti 1994-cü ildə münaqişənin kardinal şəkildə həllini sürətləndirmək məqsədilə müvəqqəti vasitə kimi qəbul edilmiş atəşkəs rejiminin təkmilləşdirilməsi məsələsinə yönəldir. "Nə sülh, nə müharibə" variantı, nəticəsiz danışıqlar əbədi davam edə bilməz. Bu, müharibə təhlükəsi vəd etməklə Cənubi Qafqazda, bütövlükdə Avropada sülh və sabitliyin gələcəyi üçün ciddi təhlükələr yaradır. Assambleya üzv dövlətlər arasında münasibətlərin bu səviyyəsinin arzuolunmazlığını bir daha bəyan edərək, Dağlıq Qarabağ münaqişəsinin diplomatik vasitələrlə, sülh yolu ilə həllinin reallaşması istiqamətində konkret səyləri artırmağın zəruriliyini vurğulayırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR