Azərbaycanın hakim partiyası İsa Qəmbərin Erməni Ümummilli Hərəkatı ilə əməkdaşlıq sənədi imzalamasına münasibət açıqlayıb

Azərbaycanın hakim partiyası İsa Qəmbərin Erməni Ümummilli Hərəkatı ilə əməkdaşlıq sənədi imzalamasına münasibət açıqlayıb
# 13 oktyabr 2010 14:14 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “İsa Qəmbər Almaniyada Erməni Ümummilli Hərəkatı ilə müqavilə bağlayıb. Görünür, bu onların seçki taktikasında ənənə xarakteri alıb. Azərbaycan xalqına gümanları gəlmir, ermənilərin dəstəyinə arxalanırlar”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bu gün keçirdiyi mətbuat konfransında Müsavat Partiyasının başqanı İsa Qəmbərin Almaniyanın Potsdam şəhərində Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan və Gürcüstan Respublikaçılar Partiyasının sədri David Usupaşvili ilə birgə qarşılıqlı əməkdaşlıq haqqında Bəyannaməyə imzalamasına münasibət bildirərkən deyib.

Ə. Əhmədov 2005-ci il parlament seçkiləri öncəsi AXCP üzvü Ruslan Bəşirlinin Gürcüstanda ermənilərlə Azərbaycanda seçki kampaniyasına dəstək məsələsini müzakirə etdiyini də xatırladıb: “Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən erməni ideoloqları bir neçə mərkəzdən idarə olunur ki, onlardan biri də Erməni Ümummilli Hərəkatıdır. Azərbaycana qarşı təcavüzü, əsasən bu hərəkat həyata keçirib. Yəqin ki, Azərbaycan ərazilərinə təcavüz edən qüvvə ilə həmin müqavilə Azərbaycana qarşı bağlanıb. Bəzi adamlar öz maraqları naminə şeytanla da sazişə getməyə hazırdırlar. Biz bunun dövlət və milli maraqları zidd olduğunu bildirir və qətiyyətlə pisləyirik. Bu, Müsavatın öz Nizamnaməsinə də ziddir”.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər APA-ya açıqlamasında Bəyannamədə Azərbaycanın maraqlarına uyğun gəlməyən heç nə olmadığını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR