Azərbaycan prezidenti Mingəçevir-Xaldan yolunun və Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivinə çəkilən qaz xəttinin açılışında iştirak edib

Azərbaycan prezidenti Mingəçevir-Xaldan yolunun və Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivinə çəkilən qaz xəttinin açılışında iştirak edib
# 14 oktyabr 2010 11:43 (UTC +04:00)
Bakı - APA. Mingəçevirdə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev yenidən qurulmuş Mingəçevir-Xaldan yolunun açılışında iştirak edib. APA-nın məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, yolun yenidən qurulması işləri bu il həyata keçirilib. Uzunluğu 21 kilometr olan yol üçüncü dərəcəlidir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 7 metrdir. Torpaq yatağı ilə birlikdə yolun eni 12 metrə bərabərdir. Bu yolun region üçün strateji əhəmiyyəti böyükdür. Çünki bu yol Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 263-cü kilometri ilə Mingəçevir şəhərini birləşdirir. Bundan əlavə, Mingəçevir şəhərinin paytaxtla, həmçinin respublikanın şimal-qərb bölgəsi ilə nəqliyyat əlaqəsini təmin edir. Eyni zamanda, Şəki-Zaqatala regionundan Gəncə-Qazax regionuna və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri bu yoldan istifadə edir.

Prezident İ. Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib, inşaatçılara uğurlar arzulayıb.

Dövlət başçısı Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivinə çəkilən qaz xəttinin açılışına da qatılıb. Prezidentə məlumat verən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, “Günəşli” yaşayış massivinə qaz xəttinin çəkilişinə 2008-ci ilin ortalarından başlanıb. Magistral qaz xəttinin uzunluğu 7290 paqonometrdir. Massivdaxili xətlərin uzunluğu isə 30 kilometr təşkil edir.

Bildirilib ki, “Günəşli” yaşayış massivində ümumilikdə 2 min ev var və onların hamısının “mavi yanacaq”la təmin olunması nəzərdə tutulur. ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi bütün evləri sayğacla təmin edib.

Prezident İ. Əliyev “Günəşli” qəsəbəsinə təbii qazın verilməsini bildirən məşəli yandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR