Arif Hacılı: “Müsavat rəhbərliyi partiyadakı son istefaları təəssüflə qarşılayır”

Arif Hacılı: “Müsavat rəhbərliyi partiyadakı son istefaları təəssüflə qarşılayır”
# 05 yanvar 2011 13:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Müsavat Partiyası rəhbərliyinin bu gün keçirilən toplantısında partiyadakı son istefalar müzakirə olunub. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. O bildirib ki, partiya rəhbərliyi son istefaları təəssüflə qarşılayıb: “Bu adamların partiyadan getməsi bizim tərəfimizdən daha ağrılı qarşılanır. Ancaq Müsavat Partiyası 100 il tarixi olan, bir çox çətinliklərə duruş gətirən siyasi təşkilatdır. Biz əminik ki, istefa vermiş adamların yerini tanınmış, siyasi mübarizə təcrübəsi olan şəxslər tutacaq”.

Qeyd edək ki, yanvarın 4-də partiya başqanının müavini Qabil Hüseynli və partiya Divanının üzvü Adil Qeybulla Müsavat Partiyasından istefa verib. Bununla da, Müsavat başqanının müavinlərinin sayı 6-dan 4-ə enib. Belə ki, Q. Hüseynli partiyadan istefa verib, başqanın digər müavini Arzu Səmədbəyli partiya Məclisinin sədri seçilib. Hazırda Müsavat başqanının müavinləri bunlardır: Arif Hacılı, Tofiq Yaqublu, Mehman Cavadoğlu və Məryəm Oruclu.

Partiyanın Nizamnaməsinə əsasən, başqan müavini vəzifəsinə təyinat Müsavat Partiyasının başqanının səlahiyyətinə aiddir. Nizamnamədə partiya başqanı müavinlərinin sayı ilə bağlı konkret qeyd yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR