Qabil Hüseynli: “Adil Qeybulla ilə aramızda fikir ayrılıqlarının olması barədə məlumatlar yalandır”

Qabil Hüseynli: “Adil Qeybulla ilə aramızda fikir ayrılıqlarının olması barədə məlumatlar yalandır”
# 11 yanvar 2011 13:42 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Adil Qeybulla ilə guya fikir ayrılığı yaşadığımız, münasibətlərimizin yaxşı olmaması ilə bağlı yazılanların heç bir əsası yoxdur. Bunlar yalan məlumatlardır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının sabiq müavini, professor Qabil Hüseynli deyib. O bildirib ki, Adil Qeybullaya təşkilat yaratmaqda dəstək olacaq: “Ola bilər ki, həmin təşkilatın üzvü də olmayım, ancaq həmin qurumun təəssübkeşi, dəstəkçisi olum. Adil bəy bu işlərin öhdəsindən gələ bilər. Mən isə hansısa mərhələdə öz töhfəmi verə bilərəm. Ancaq mənim siyasi ambisiyalarım olmadığından, siyasi qurumda fəaliyyətim bundan o tərəfə keçə bilməz”.

Müsavat Partiyası Divanının sabiq üzvü, professor Adil Qeybulla da APA-ya açıqlamasında Q. Hüseynli ilə arasında fikir ayrılığı olmadığını deyib: “Qabil Hüseynli ilə münasibətlərimiz əvvəlkindən də yaxşıdır. Bu söhbət oradan çıxıb ki, guya mən partiya yaradıram, Qabil Hüseynli isə bunun əleyhinədir. Bizim yaradacağımız təşkilat gələcəkdə siyasi partiyaya çevrilə bilər. Ancaq hazırda belə bir niyyətimiz yoxdur. Zərurət yaranacağı təqdirdə, biz o addımı ata bilərik. Qabil Hüseynli bildirib ki, özünün siyasi ambisiyaları yoxdur. Bununla belə, mənim hər hansı bir fəaliyyətimdə o, aktiv şəkildə iştirak edəcək”.

A. Qeybulla “Yeni Müsavat” qəzetinin onun və Q. Hüseynlinin barəsində yanlış məlumatlar yazdığını da söyləyib: “Mən bu qəzetin yazdıqlarına ona görə etiraz edirəm ki, qəzetin kollektivi mənə daha yaxın olan insanlardan ibarətdir. Orada elə məqalələrin getməsi məni üçün çox ağırdır”.

Xatırladaq ki, Qabil Hüseynli və Adil Qeybulla bu il yanvarın 4-də partiyadan istefa verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR