Mirmahmud Mirəlioğlu: “Əhməd Oruca məsləhət verdik ki, vəziyyəti gərginləşdirməsin”

Mirmahmud Mirəlioğlu: “Əhməd Oruca məsləhət verdik ki, vəziyyəti gərginləşdirməsin”
# 12 yanvar 2011 10:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Əhməd Orucu öz fikrindən daşındırmağa çalışmışdıq”. Bu açıqlamanı APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib. Partiya sədri bildirib ki, sabiq deputat Pənah Hüseyn və İctimai Palata ilə bağlı məsələ Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının yığıncağında müzakirə olunub: “Biz “lənət şeytana” demişik və hesab etmişik ki, bu Əhməd Orucun öz fikridir. Bu fikrindən də onu daşındırmağa çalışmışıq. Daha doğrusu, dostcasına məsləhət vermişik”. M. Mirəlioğlunun sözlərinə görə, iclasda Azadlıq Partiyasının sədri Əhməd Oruca vəziyyəti gərginləşdirməmək məsləhəti verilib: “O da bizim məsləhətimizi dinləməyib. Öz işidir. Biz problemlərin yaranmaması üçün addımlarımızı atmışıq, atırıq və atacağıq”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə APA-ya bildirib ki, həqiqətən də Mirmahmud Mirəlioğlu tərəfindən proseslərin gərginləşməməsi üçün səylər olub: “Ancaq hər şey əndazədən çıxanda sonra, qarşı tərəf açıq şəkildə bizi parçalamaq üçün mübarizə aparanda əks addım atmaq lazımdır. DUİ də mənim mövqeyimi müdafiə edib. İttifaqda ikili mövqe yoxdur. DUİ-də təmsil olunanların hamısı İctimai Palatanın indiki durumda fəaliyyətini qeyri-ciddi hesab edir”.

Ə. Oruc İctimai Palata ilə problemləri olmadığını da söyləyib: “Azərbaycanda min QHT var, bu da olsun min birinci. Sadəcə özlərinin imkanlarını genişləndirmək üçün digərlərini gözdən salmaqla məşğuldurlar. Bu dəfə çaşdılar və düzgün yerə hücum etmədilər. Artıq dolayısı ilə məni Koordinasiya Şurasına çağırıblar. Mən də dedim ki, “mənim nə günahım var ki, gəlib sizin yanınızda oturum”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR