Millət vəkili Qənirə Paşayeva: “Haqqımda böhtan yayanlarla bağlı MTN-ə müraciət edəcəyəm”

Millət vəkili Qənirə Paşayeva: “Haqqımda böhtan yayanlarla bağlı MTN-ə müraciət edəcəyəm”
# 21 yanvar 2011 14:55 (UTC +04:00)
Bu mənə qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Çünki yayılan foto Türkiyə səfirliyinin “Gülüstan” sarayında təşkil etdiyi, Türkiyə Cümhuriyyətinin yaradılması gününə həsr edilən tədbirdə çəkilən kollektiv fotodur. O fotonu montaj edərək, mənə böhtan yaxmaq məqsədilə yayanlar cəzalanmalıdır”. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Qənirə Paşayeva deyib. Q. Paşayeva həmin şəxsin PKK-çı Əminə Aynanın oğlu olmadığını bildirib: “Fotodakı Azərbaycanda təhsil alan türkiyəli tələbə Ömər Aynanın həmin qadınla nə qohumluq, nə də başqa şəkildə əlaqəsi var. Fotodakı gənc oğlan Azərbaycanda təhsil alan fəal tələbələrdəndir. Azərbaycan Dövlət Tibb Universitetində oxuyur. Bu yalan informasiyanı yaymaqla, məni ittiham etmək hansısa güclərin və insanların maraqlarına xidmət edir. Bunun haradan qaynaqlandığını araşdırırıq”.
Məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcəyini də deyən Q. Paşayeva xəbərin haradan qaynaqlandığını araşdırmaqda israrlı olduğunu söyləyib: “Əgər bu, Azərbaycanda olan şəxs tərəfindən edilibsə, ən ağır şəkildə cəzalandırılmasını tələb edəcəyəm. Mən bu yazını şərəf və ləyaqətimə, qüruruma təhqir hesab edirəm. Əlimdən gələni edəcəyəm ki, həmin şəxs ağır cəza alsın. Bu iş Azərbaycandan kənardan görülübsə, onların da layiqli cəzalarını alması üçün lazımi proseduralara baş vuracağam”.
Millət vəkili PKK-ya münasibətinin tam aydın olduğunu bildirib: “Azərbaycan türkü olaraq PKK terror təşkilatına münasibətim birmənalı olub, həmişə bu təşkilatın fəaliyyətini pisləyən insanlardanam. Məni PKK təşkilatı ilə əlaqələndirməklə bağlı məlumatlar yayanların cəzalandırılması üçün arxasınca gedəcəyəm. Sabah bununla bağlı mətbuat konfransı da keçiriləcək”.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri Xalis Kuyumçu da APA-ya açıqlamasında məsələyə aydınlıq gətirib: “Ömər Ayna Azərbaycan Dövlət Tibb Universitetinin türkiyəli tələbələri özündə birləşdirən cəmiyyətinin sədridir. Bu gəncin anasının adı Əminədir. Bunun məlum Əminə Ayna ilə nə əlaqəsi var? Türkiyədə minlərlə Əminə Ayna var. Ömərin həmin Əminə Ayna ilə heç bir qohumluq əlaqəsi yoxdur. İnsan bir şeyi bilmədən necə yaza bilər? Mən rəsmi şəkildə deyirəm ki, bunun həmin adamla heç bir əlaqəsi yoxdur”.
Ömər Aynanın hazırda qış tətili ilə əlaqədar Türkiyəyə getdiyini qeyd edən X. Kuyumçu deyib ki, onunla telefon vasitəsilə əlaqə saxlayıb: “Ömər Ayna deyib ki, Azərbaycana gələndən sonra məsələ ilə bağlı məhkəməyə müraciət edəcək”.
Qeyd edək ki, bir neçə gündür ki, “Facebook” sosial şəbəkəsində millət vəkili Qənirə Paşayevanın bir gənclə fotosu yayılıb. Bəzi şəxslər həmin şəxsin Türkiyədə fəaliyyət göstərən Barış və Demokratiya Partiyasının (PKK-nın siyasi qolu) liderlərindən olan Əminə Aynanın Bakıda təhsil alan oğlu Ömər Ayna olduğunu bildirir və Q. Paşayevanı PKK ilə əlaqələrdə ittiham edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR