VİP sədri: ““İnsan naminə” blokunda təmsil olunmuş təşkilatlar arasında əməkdaşlığın bundan sonrakı formatına həftə sonuna kimi aydınlıq gələcək”

VİP sədri: ““İnsan naminə” blokunda təmsil olunmuş təşkilatlar arasında əməkdaşlığın bundan sonrakı formatına həftə sonuna kimi aydınlıq gələcək”
# 24 yanvar 2011 12:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ““İnsan naminə” bloku daha fəaliyyət göstərmir. Lakin bu seçki blokunda təmsil olunan təşkilatlarla əməkdaşlığımızı davam etdirmək niyyətindəyik”. Bunu APA-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, seçki yekunlaşdığından VİP və Azərbaycan Liberal Partiyası (ALP) tərəfindən təsis olunan blokun fəaliyyətinə də xitam verilib: “Amma münasibətlərimiz davam etməkdədir. Hazırda biz fəaliyyətimizin hansı formada davam etdirilməsinə dair məsləhətləşmələr aparırıq. Artıq üç görüşümüz olub. Bu yaxınlarda partiyaların hansı formada əməkdaşlıq edəcəyi və hansı istiqamətlərdə fəaliyyət göstərəcəyi haqqında məlumat veriləcək”.

Ə. Əliyev qeyd edib ki, VİP və ALP 5 ildir, əməkdaşlıq formasında fəaliyyət göstərir və əlaqələri bundan sonra da davam etdirmək niyyətindədirlər: “Seçki blokunda Azərbaycan Ziyalılar Birliyi və Azərbaycan Yaşıllar Partiyası da təmsil olunmuşdu. Bu təşkilatlarla da əməkdaşlıq edəcəyimiz istisna deyil. Bu sıraya başqa partiyalar da qatıla bilər”.

VİP sədri bu həftənin sonuna kimi əməkdaşlığın formatına aydınlıq gələcəyini də söyləyib: “Öncə iki partiya qərara gəlməlidir. Bundan sonra digər qurumlarla danışıqlar aparacağıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR