Bəxtiyar Hacıyevin nümayəndələri mətbuat konfransı keçiriblər

Bəxtiyar Hacıyevin nümayəndələri mətbuat konfransı keçiriblər
# 25 yanvar 2011 12:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Harvard Universitetinin məzunu, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevin nümayəndələri Rail Abbasov və Nərmin Rəhimli mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, onlar bildiriblər ki, B. Hacıyev yanvarın 24-də qeydiyyatda olduğu Gəncə Şəhər Prokurorluğuna gedib. R. Abbasov bildirib ki, B. Hacıyev prokurorluğa şəhər prokurorunun köməkçisi Emin Qurbanovun təkidli tələbi ilə yollanıb. Orada B. Hacyevdən nə üçün hərbi xidmət yayınması barədə soruşulub, B. Hacıyev isə Gürcüstanın İlya Universitetində doktorantura təhsili aldığını bildirib, bu səbəbdən də ona möhlət hüququ verilməli olduğunu deyib.

Sonra isə B. Hacıyev Gəncə Şəhər Nizami Rayon Hərbi Komissarlığına aparılıb. Orada isə Azərbaycan Konstitusiyasının 76-cı maddəsini əlində əsas tutaraq alternativ xidmət keçmək istədiyini bildirib.

B. Hacıyevin nümayəndələri mətbuat konfransında bildiriblər ki, ya ona təhsil alması üçün möhlət hüququ verilməli, ya da alternativ xidmət keçməlidir.

Tədbirdə iştirak edən hüquq müdafiəçisi Vidadi İsgəndərov isə B. Hacıyevin nümayəndələrinin diqqətinə çatdırıb ki, Azərbaycanda müvafiq qanun mövcud olmadığından, alternativ xidmət keçmək mümkün deyil.

B. Hacıyevin nümayəndələri isə israrla qeyd ediblər ki, bu barədə Konstitusiyada müvafiq maddə var, B. Hacıyevə alternativ xidmət keçmək üçün şərait yaradılmalıdır.

V. İsgəndərov isə yenidən bunun mümkün olmadığını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR