Azərbaycan İslam Demokrat Partiyasının sədri: “O ayətullahların fətvasına heç İranda da əməl etmirlər”

Azərbaycan İslam Demokrat Partiyasının sədri: “O ayətullahların fətvasına heç İranda da əməl etmirlər”
# 27 yanvar 2011 13:28 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “İran din vasitəsi ilə Azərbaycanı əmniyyətsiz ölkə kimi göstərmək istəyir”. APA-nın məlumatına görə, bunu Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı deyib. AİDP mətbuat xidmətinin yaydığı açıqlamada T. Abbaslı İranın “Səhər” telekanalı vasitəsi ilə Azərbaycanın daxili işlərinə qarışdığını önə çəkib: “Ayətullah Nasir Məkarimi Şirazidən tutmuş, Ərdəbilin imam cüməsinə qədər əksər dindarlar fətva və xütbə adı ilə Azərbaycanın dindarlarını zahirdə dəstəklədiklərini nümayiş etdirirlər. Bu simalar əslində İranın siyasi hakimiyyətinin tribunalarıdır. Hədəfləri isə heç də İslam təəssübkeşliyi deyil. Onların fətvalarına heç İranın özündə də əməl etmirlər. Belə ki, Məkarim Şirazi son dövrlərdə İranda siqaret çəkilməməsinə aid fətva vermişdi, amma nəticəsi olmadı. Əksinə siqaret çəkənlərin sayı artıb. Yəni artıq siyasi ayətullahların İranda sözləri keçmədiyindən onlar öz şanslarını qonşu ölkələrdə sınamaq istəyirlər. Təəssüflər olsun ki, İran ayətullahlarının axurunda böyüyən bəzi azərbaycanlı dindarlar da öz saytlarında, çıxışlarında İran yandıran ocağa odun qoyurlar. İş o yerə çatıb ki, bu odunçular öz əməlləri ilə fəxr edirlər. Bir halda ki, İranın Qum şəhərində fəaliyyət göstərən ayətullahlar hökumət ayətullahlarının yanlış siyasətlərinə sərt etiraz edirlər, ölkəmizin dindarlarının onların din adı ilə ortaya atdıqları siyasi oyunlarına uymaları səhvdir. Belələri dini biznes vasitəsinə çevirən İranın siyasətini bu ölkədən qrant alaraq Azərbaycanda tətbiq etmək fikrindədirlər”.

Azərbaycan İslam Partiyasının (AİP) səhv yol seçdiyini deyən T. Abbaslı hesab edir ki, AİP özünə aid müstəqil düşüncə yarada bilməyib: “Bu partiyanın rəhbərləri İran Xarici İşlər Nazirliyinin siyasətinə elə uydular ki, kim olduqlarını belə unutdular”.

İranda xarici sanksiyalar və diktatura üzündən vəziyyətin gərgin olduğunu deyən AİDP sədrinin fikrincə, İran hakimiyyəti müxtəlif vasitələrlə bu çətinlikdən çıxmağa çalışır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR