Ədalət Partiyası MSK-dakı yerini BAXCP və BQP-yə güzəştə getməyəcək

Ədalət Partiyası MSK-dakı yerini BAXCP və BQP-yə güzəştə getməyəcək
# 29 yanvar 2011 15:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Ədalət Partiyasının digər partiyalarla, konkret olaraq Bütöv Azərbaycan Xalq Cəbhəsi və Böyük Quruluş partiyası ilə razılaşdığı və Mərkəzi Seçki Komissiyasına bir nəfəri göndərəcəkləri barədə mətbuatda səsləndirilən fikirlər tamamilə yalandır. Bizim bu məsələ ilə bağlı kimlərləsə nəinki razılaşmamız olub, hətta danışıqlar belə aparmamışıq”.
Ədalət Partiyasının təşkilati məsələlər üzrə sədr müavini Mütəllim Rəhimli APA-ya açıqlamasında deyib ki, Ədalət Partiyası parlament seçkilərinə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçki bloku şəklində qatılıb və Milli Məclisdə bir deputatla təmsil olunur. Ona görə də partiyanın MSK-nın təşkilində iştirak etmək hüququ var: “Seçki Məcəlləsindən də belə görünür ki, parlament seçkilərində partiya və ya seçki bloku şəklində iştirak etməyənlər Milli Məclisdə azlıqda qalan partiyalar hesab olunmur, siyasi partiya üzvü olan deputatlar sayılır. MSK-nın təşkilində iştirak hüququ isə deputatları Milli Məclisdə azlıqda qalan siyasi partiyalara verilir”.
Ədalət Partiyasını indiyədək MSK-da Oktay Hümbətlinin təmsil etdiyini söyləyən M.Rəhimli bildirib ki, partiyanın ötən müddət ərzində fəaliyyəti Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarının tələblərinə uyğun olub: “Bu yerə layiq partiya bir çox namizəd irəli sürmək imkanına malikdir. Onların içərisində hazırda MSK üzvü olan Oktay Hümbətli də var və təmsilçilik hüququnu əldə etmək şansları da yüksəkdir. Son qərarı isə partiyanın Siyasi Şurası verəcək”.
Ədalət Partiyasının digər sədr müavini Elxan Şükürlü isə deyib ki, ötən parlament seçkisindən sonra MSK formalaşan zaman partiya sədri İlyas İsmayılovun rəyi nəzərə alınıb: “İlyas İsmayılovun təqdimatı ilə Oktay Hümbətli MSK üzvü oldu. Bu dəfə isə partiyanın MSK-da təmsil edəcək şəxs seçki ilə müəyyənləşməlidir. Hesab edirəm ki, bu dəfə Ədalət Partiyasından MSK üzvü təyinatla yox, seçki ilə seçiləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR