Adil Qeybulla: “Müsavatdan çıxanların verdiyi bəyanatlarda ümumi xətt hiss olunur”

Adil Qeybulla: “Müsavatdan çıxanların verdiyi bəyanatlarda ümumi xətt hiss olunur”
# 31 yanvar 2011 10:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “Mən Müsavat Partiyasının Şahbuz rayon təşkilatındakı istefalarla bağlı tam məlumatlı deyiləm. Sadəcə istefa ilə bağlı bəyanatı oxumuşam. Bu da insanların mövqeyidir”. Bu açıqlamanı APA-ya Müsavat Partiyası Divanının sabiq üzvü, professor Adil Qeybulla verib. O bildirib ki, Müsavat Partiyasından çıxanların verdiyi bəyanatlarda ümumi xətt hiss olunur: “Söhbət partiyadaxili münasibətlər sistemi ilə bağlı narazılıqdan gedir. Hər halda, bu cür mövqe göstərənlərin hər birinə hörmətlə yanaşıram, bunları anlaqlı qarşılamaq lazımdır. Hesab edirəm ki, partiyadan istefalara da, partiyaya üzvlüyə də və ümumiyyətlə bu kimi məsələlərə səbirli, dözümlü yanaşmaq lazımdır. Məsələn, mən Müsavat başqanı olsaydım, istefa verənlərə deyərdim ki, təşəkkür edirəm, çünki uzun müddət mübarizə aparıbsınız. Amma bu insanlara az qala düşmən münasibəti ilə yanaşmaq əlbəttə ki, siyasətçi üçün yolverilən hal deyil”.

Adil Qeybulla bildirib ki, bu cür istefalara qaşı Müsavat Partiyasından verilən açıqlama adekvat deyil: “Yəni, o istefalara aşağılayıcı mövqe nümayiş etdirmək, onları hakimiyyətlə əlaqələndirmə cəhdləri, özünü Makedoniyalı İsgəndərin ordusuna bənzətmək və sair kimi cəhdlər bir daha göstərir ki, biz siyasi dialoq mədəniyyətinə hələ də hazır deyilik. Adicə Misirdə olan hadisələrdən sonra müxtəlif yanaşmalar göstərdi ki, Azərbaycanda vətəndaş sülhü istiqamətində yox, əksinə, destruktiv istiqamətdə potensial təmayüllər hələ də qalır. Şəxsən mən Azərbaycandakı hadisələrin istiqamətinin bu və buna oxşar formada getməsinin tamamilə əleyhinəyəm. Qarabağ kimi problemimiz var. Bundan başqa, Azərbaycan elə bir bölgədə yerləşir ki, burada hər hansı bir analoji proses olsa, biz yenə də torpaq itkisi və digər problemlərlə üzləşə bilərik. Yəni, biz belə məsələlərlə bağlı düşünəndə həmişə ümummilli məsələlərdən çıxış etməliyik. O ki, qaldı hökumətin siyasətinin tənqid edilməsinə, razılaşmadığımız məqamlar deyilməlidir. Ancaq “nə yolla olur-olsun nail olmalı” təmayülləri siyasətdə yolverilməzdir. Əslində bu cür təzyiq elementləri partiyadaxili mühitdə də özünü göstərir və istefa verənlərə qarşı münasibət bunun bir daha bariz nümunəsidir. Mən partiya rəhbərliyini bu cür mövqedən çəkinməyə çağırıram. Bu cür münasibət ümumi işin xeyrinə deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR