Adnan Novruzov: “AMİP-lə İctimai Palatanı təsis edən partiyalar arasında uzunmüddətli əməkdaşlıq baş tutmayacaq”

Adnan Novruzov: “AMİP-lə İctimai Palatanı təsis edən partiyalar arasında uzunmüddətli əməkdaşlıq baş tutmayacaq”
# 31 yanvar 2011 10:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan Milli İstiqlal Partiyasının İctimai Palataya daxil olması ilə bağlı qərarı tələsik verilmişdi və mən bu qərarın belə tez verilməsinin əvvəlcədən əleyhinə oldum. Bu gün partiya daxilində baş verənlər onu göstərir ki, mənim tələskənliyə yol verilməməsi ilə bağlı təklifim düzgün idi”. Bu açıqlamanı APA-ya AMİP Mərkəzi Şurasının sədri Adnan Novruzov verib. O bildirib ki, parlament seçkilərinin nəticələrindən narazı qalan bir qrup müxalifət partiyasının təsis etdiyi İctimai Palataya qəbulla bağlı qərar tələsik verilib: “Partiyada İctimai Palataya qəbulla bağlı məsələ müzakirə olunan zaman qərarın tələsik verilməsinin mənfi tendensiyaya səbəb olacağını söylədim. Təklif etdim ki, yerli təşkilatlarla da müzakirələr aparılsın və onların da mövqeyi öyrənilsin. Dediklərim təsdiqini tapır. Artıq rayon təşkilatlarında məsələ ilə bağlı münasibət birmənalı deyil”.

Adnan Novruzovun sözlərinə görə, AMİP-lə İctimai Palatanı təsis edən partiyalar arasında uzunmüddətli əməkdaşlıq baş tutmayacaq: “Münasibətlərimizin tarixçəsi bunu deməyə əsas verir. Birgə fəaliyyətimiz həmişə nəticəsiz qalıb. Hesab edirəm ki, müəyyən məsələlərdə və siyasi proseslərə baxışımızda da fərqli baxışlar var”. A. Novruzov AMİP-də yaranmış vəziyyətdən çıxış yollarının aranması üçün müzakirələrin zəruriliyini də vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR