Azərbaycanın bəzi müxalifət partiyaları “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulunun əleyhinədir - SORĞU

Azərbaycanın bəzi müxalifət partiyaları “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulunun əleyhinədir - <font color=red>SORĞU</font>
# 02 fevral 2011 09:29 (UTC +04:00)
Bu mövqe parlamentə də təqdim olunub. Ancaq hesab edirik ki, hazırda mövcud olan “Siyasi partiyalar haqqında” qanun çoxpartiyalı cəmiyyət quruculuğu və partiyaların normal fəaliyyəti üçün qənaətbəxşdir. Sadəcə, bu qanuna əməl olunmur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbuluna ehtiyac yoxdur. Əvəzində hazırda mövcud olan qanuna əlavə və düzəlişlər etmək olar: “Əlavə və düzəlişlər partiyaların normal fəaliyyət göstərməsi üçün şərait yaradılmasından, partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsindən, partiya liderlərinin mühafizəsinin təşkili, müxalifət partiyalarının siyasi sistemdə yeri və s. məsələlərdən ibarət ola bilər”.

Bununla yanaşı, A. Hacılı birmənalı olaraq yeni qanununun qəbuluna qarşı çıxmadıqlarını da vurğulayıb: “O ki, qaldı YAP-ın təklif etdiyi qanun layihəsində partiyaların maliyyələşmə kriteriyaları ilə bağlı məsələyə, əslində Azərbaycanda normal, demokratik cəmiyyət olsaydı, onların təkliflərini normal qəbul etmək olardı. İndiki halda isə YAP-ın təklifi partiyaların dövlət qeydiyyatına alınmasının çətinləşməsinə yönəlib”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı isə APA-ya açıqlamasında YAP-ın təklif etdiyi qanun layihəsini qəti şəkildə qəbul etmədiklərini deyib: “Həmin təkliflərdə ən təhlükəli məqamlardan biri də partiyaların təkrar qeydiyyatı ilə bağlı məsələdir”. F. Qəhrəmanlı AXCP-nin “Siyasi partiyalar haqqında” qanunla bağlı təkliflərini də açıqlayıb: “Birinci növbədə, siyasi partiyaların seçkilərdə aldıqları səsə uyğun olaraq dövlət büdcəsindən maliyyələşməsi məsələsi həll olunmalıdır. İkincisi, partiyaların fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulmamalı, onların təşəbbüskarlığı üçün imkan yaradılmalıdır. Biz düşünmürük ki, təkliflərimiz nəzərə alınacaq. Ən azından indiki mövcud “Siyasi partiyalar haqqında” qanuna toxunulmamalıdır”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa isə hələ bir neçə il əvvəl “Siyasi partiyalar haqqında” qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib. Həmin qanun layihəsini müxalifət partiyaları da müəyyən detalları çıxmaq şərti ilə normal sayırmış, lakin F. Mustafanın müəllifi olduğu layihə parlamentdə müzakirə belə edilməyib. Deputat APA-ya deyib ki, o özü də hazırladığı layihənin parlamentin hansı nümayəndəsində olduğunu bilmir: “Hazırladığım layihəni Milli Məclisin otaqlarından birində yəqin ki, toz basıb. Çox təəssüf ki, dəfələrlə məsələ qaldırmağımıza baxmayaraq, qanun layihəsinə baxılmadı”. F. Mustafa YAP-ın təklif etdiyi qanun layihəsi ilə tanış olmadığından, konkret söz deyə bilməyəcəyini söyləyib: “Ancaq ilkin baxışdan o layihədə razılaşmadığımız məqamlar var”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya deyib ki, YAP-ın təklik etdiyi qanun layihəsi Azərbaycandakı siyasi güclərin maraqlarını ifadə etmir. Onun sözlərinə görə, əgər məsələ Milli Məclisin (MM) müzakirəsinə çıxarılarsa, mütləq parlamentdə olmayan partiyaların da MM-dəki müzakirələrdə iştirakı təmin olunmalıdır.

S. Cəlaloğlu bildirib ki, ADP “Siyasi partiyalar haqqında” qanun layihəsi hazırlamasa da, bir sıra təkliflərlə yanaşı, partiyaların maliyyələşməsi ilə bağlı təklifləri də hökumətə göndərib: “Ümumiyyətlə biz hesab edirik ki, qanunların tez-tez dəyişdirilməsi qanunları gücdən salan hərəkətdir. Qanun haqqında məşhur bir söz var: qanunlar paltar kimidir, nə qədər köhnəlsə, adamın əyninə bir o qədər daha rahat oturur. Əslində, indiki qanuna əməl etməklə də keçinmək olar. Məsələn, partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı heç yeni müddəaya da ehtiyac yoxdur. Çünki “Siyasi partiyalar haqqında” qanunun 15-ci maddəsində dövlətin partiyalar haqqında öhdəliyi məsələsi var. Orada yazılıb ki, dövlət partiyaların normal fəaliyyət göstərməsinə, təhlükəsizliyinə və s. məsələlərə təminat verir. İstəsələr, bunu əsas götürüb partiyaları maliyyələşdirə bilərlər. Ancaq yeni qanun layihəsində müəyyən partiyaların qeydiyyatını ləğv etmək, müəyyən partiyaları isə maliyyədən məhrum etmək yönündə cəhdlər var”.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının “Siyasi partiyalar haqqında” qanunun qəbulu ilə bağlı bir neçə blokdan ibarət təklifləri var. Bununla bağlı bir neçə gün əvvəl APA-ya açıqlama verən YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib ki, təklif olunan birinci blok partiyaların hüquqi təsnifatı, yəni, onların yenidən qeydiyyata alınması ilə bağlıdır. YAP-ın təklif edir ki, ilk növbədə partiyaların təkrar dövlət qeydiyyatı aparılsın. Bunun üçün isə ölkə seçicilərinin 0,1 faizinin, yəni 5 mininin imzasını yığmaq tələb olunur. İmzaların 125 Seçki Dairəsinin 50%+1-dən toplanması təklif edilir. YAP-ın təklifləri sırasında partiyaların maliyyələşməsi ilə bağlı məqamlar da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR