AXCP martın sonu, aprelin əvvəllərində kütləvi aksiyalara başlayacaq

AXCP martın sonu, aprelin əvvəllərində kütləvi aksiyalara başlayacaq
# 08 fevral 2011 15:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) kütləvi aksiyalara mart ayının sonu, aprelin ayının əvvəllərində başlayacaq. Bu barədə APA-ya açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev bildirib. Onun sözlərinə görə, kütləvi aksiyalarda birləşmə və sərbəst toplaşma azadlığının təmin olunması, həbsdə olan jurnalist və siyasi məhbusların azadlığa buraxılması, sosial ədalətin və korrupsiyanın aradan qaldırılması tələbləri ilə şüarlar səsləndiriləcək: “Biz bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. Qərara gəlmişik ki, İcra Hakimiyyəti icazə verməsə, aksiyaları icazəsiz olaraq keçirək”.

R. Nurullayev aksiyalara İctimai Palatanın qoşulacağına ümid etdiyini də bildirib: “Ümid edirik ki, bu aksiyaların hamısına İctimai Palataya daxil olan partiyalar da qatılacaq və aksiyalar İctimai Palatanın adından keçirilsin. Çünki tək əldən səs çıxmaz. Biz kimliyindən asılı olmayaraq, bütün siyasi qüvvələrin siyasi təmərküzləşməsinin marağındayıq”.

İctimai Palatanın (İP) üzvü, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya deyib ki, qarşıdakı aylarda kütləvi aksiyaların keçirilməsi müxtəlif partiyaların strukturlarında müzakirə olunur: “Bu məsələ ilə bağlı İctimai Palatanın yanvarın 29-da keçirilmiş sessiyasında da fikir mübadiləsi aparılıb və yəqin ki, zamanı yetişəndə kütləvi aksiyalar başlayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR