Müxalifət Sərdar Cəlaloğlunun təklifini birmənalı dəyərləndirmir

Müxalifət Sərdar Cəlaloğlunun təklifini birmənalı dəyərləndirmir
# 10 fevral 2011 14:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Qarabağ və Respublika Uğrunda Hərəkatda elə partiyalar təmsil olunur ki, AXCP və ya İctimai Palatada onlarla bağlı mövqe birmənalı deyil”. Bu açıqlamanı APA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov verib. H. Kərimov Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun İctimai Palatanın kölgə parlamenti, Qarabağ və Respublika Uğrunda Hərəkatın isə kölgə kabineti kimi formalaşdırılmasına dair təklifə hörmətlə yanaşdığını bildirib: “Ancaq bu məsələ İctimai Palatada təmsil olunan partiyalarda, həm də qurumun Koordinasiya Şurasında müzakirə olunandan sonra mövqeyimizi bildirəcəyik. Burada fərdin fikri yox, partiyanın və ya İctimai Palatanın mövqeyi olmalıdır. Rəsmi müraciətdən sonra mövqeyimizi bildirəcəyik”. H. Kərimov qeyd edib ki, müxalifətin vahid güc mərkəzinin yaradılmasının tərəfdarıdır: “Lakin Qarabağ və Respublika Uğrunda Hərəkatda elə partiyalar təmsil olunub ki, AXCP və ya İctimai Palatada onlara münasibət birmənalı deyil. Amma AXCP olaraq biz həmişə birliyə çalışmışıq”.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn isə S. Cəlaloğlunun müxalifətin birləşməsinə dair təklifində yer alan məqamların onun üçün aydın olmadığını deyib: “Səmimi deyim ki, mənim üçün bu təklif xeyli dərəcədə qeyri-müəyyən görünür. Özü ilə də danışmağa imkanım olmayıb. İctimai Palatanın təşəbbüskarları partiyalar olsa da, fərdlərin təsis etdiyi vətəndaş hərəkatıdır. Düzdür, vəziyyəti və palatanın təsis olunması prosesini nəzərə alıb, bunu kölgə parlamenti adlandıranlar var. Amma İctimai Palatanın məram və məqsədləri demokratik dəyişikliklər və islahatlar uğrunda fəaliyyət göstərməkdir. Hər bir halda Sərdar Cəlaloğlu gəlib təklifini izah etsə, müzakirə etmək olar. Amma düzü, xeyli dərəcədə məchul fikirdir və məntiqi də aydın deyil. Həmçinin, Sərdar Cəlaloğlu belə bir hərəkat təsis edərsə, ona da uğurlar arzulamaq istəyindəyəm. Lakin xüsusi əmək bölgüsü edilməsinin tərəfdarı deyiləm”.

Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpasının təşəbbüskarlarından olan Ümid Partiyasının sədri İqbal Ağazadə isə APA-ya deyib ki, ADP sədri Sərdar Cəlaloğlunun fikirləri Azərbaycan cəmiyyətinin demokratikləşməsi istiqamətində daha geniş miqyasda siyasi qüvvələrin mərkəzləşdirilməsi istəyindən irəli gəlir: “Bu istəyə hörmətlə yanaşıram və Sərdar Cəlaloğlunun fikirlərini pozitiv hesab edirəm. Çünki o hərəkatın formalaşdırılması məsələsinə klassik anlamda yanaşıb. Yəni ən yaxşı üsul olaraq hamının bir yerdə olmasını istəyib”. İ. Ağazadə məsələnin başqa variantlarla həllinin mümkünlüyünü də inkar etməyib: “Sərdar Cəlaloğlunun təklifləri şəkilində olmayacağı təqdirdə fərqli üsullar da mövcuddur və bunlar da müzakirə olunan məsələlərdən biridir”.

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu İctimai Palatanın kölgə parlamenti, Qarabağ və Respublika Uğrunda Hərəkatın isə kölgə kabineti kimi formalaşdırılması və müxalifətin əsas güc mərkəzi kimi fəaliyyət göstərməsi təklifi ilə çıxış edib. O həmçinin deyib ki, Qarabağ və Respublika Uğrunda Hərəkat vaxtilə Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Ümid və Müsavat partiyaları tərəfindən təsis edildiyindən hərəkatın bərpası zamanı iki partiyanın iştirak etməməsi qurumu klassik hərəkat kimi cəmiyyətə təqdim etməyə imkan vermir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR