“Avrointeqrasiya və vicdan azadlığı” mövzusunda debat keçirilib

“Avrointeqrasiya və vicdan azadlığı” mövzusunda debat keçirilib
# 16 fevral 2011 13:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi (AAMİK) “Avrointeqrasiya və vicdan azadlığı” mövzusunda debat keçirilib. APA-nın məlumatına görə, Avrointeqrasiya Milli İctimai Komitəsinin fəaliyyətdə olan sədri Məlahət Mürşüdlü mövzunun əhəmiyyətini vurğuladıqdan sonra Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin sədri İlqar İbrahimoğlu “Avrointeqrasiya ilə islamofobiya bir araya sığmır”, “Al” Hərəkatının həmtəsisçisi İlqar Məmmədov isə “Vicdan azadlığı Azərbaycanın Avropa kimliyində” mövzularında çıxış ediblər.

İlqar İbrahimoğlu deyib ki, ölkədə yaşayan müsəlmanlara ya dini çoxluq, ya da dini azlıq kimi fəaliyyət göstərmək hüququ verilməlidir: “Biz artıq bu təkliflə çıxış etmək məcburiyyətindəyik. 2008-ci ilə kimi Azərbaycanda inanclı insanlar dini məsələlərlə bağlı quruculuqdan danışırdılarsa, həmin ildən sonra dindarlara qarşı edilən təzyiqlərin qarşısının alınması yolları müzakirə mövzusudur”. İ. İbrahimoğlunun sözlərinə görə, nədənsə ziyalılar da ölkədə inanclı insanlara təzyiqlər barədə danışmağı məqsədəuyğun saymırlar.

İlqar Məmmədov isə opponentinin fikirlərinə qarşı çıxaraq deyib ki, dindar şəxslər son vaxtlar islamofobiyadan təbliğat məqsədilə istifadə edirlər. İ. Məmmədov Avropa ölkələri ilə İslam dünyası arasında elm-texnologiya sahədə müqayisə də aparıb: “Məsələn, İslam Konfransı Təşkilatına üzv olan ölkələrdə elmi tərəqqi Avropadan aşağıdır və bu, konkret rəqəmlərlə təsdiq olunur”.

Tədbir müzakirə şəklində davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR