Milli Məclis “Aviasiya haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsini qəbul edib

Milli Məclis “Aviasiya haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsini qəbul edib
# 22 fevral 2011 15:12 (UTC +04:00)
APA-nın məlumatına görə, layihədə göstərilib ki, Azərbaycanda dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, bundan başqa, Azərbaycan ərazisində idxalına, ixracına, tranzit nəql edilməsi qadağan edilən əşyaların siyahısı hava limanlarındakı sərnişinlərin gediş-gəliş yerlərində, baqajların və yüklərin yoxlanılma məntəqələrində sərnişinlər üçün yaxşı görünən yerlərdə lövhələrdə yerləşdirilməlidir.

Müzakirələr zamanı YAP-çı deputat Siyavuş Novruzov aeroporta girişin pullu olmasını tənqid edib: “Mən bilmirəm aeroporta daxil olmağa görə niyə pul alırlar? Bəlkə mən uzaqdan baxmağa gedirəm?” S. Novruzov aeoroporta marşrut avtobuslarının işləməsinin zəruriliyini vurğulayıb.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev S. Novruzovun dedikləri ilə razılaşdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, aeroporta avtobus marşrutları işləmir. Q. Həsənquliyev Milli Məclis rəhbərliyinin bu məsələyə müdaxilə etməli və problemin həllinə çalışmalı olduğunu vurğulayıb. O, aeroporta girişə görə pul istənilməsinin də əleyhinə olduğunu deyib.

Deputat Fazil Mustafa da deyilənləri dəstəkləyib.

Milli Məclisin sədri Oqtay Əsədov söyləyib ki, hava limanına ictimai nəqliyyatın işləməsi məsələsi öz həllini tapmalıdır: “Ancaq burada korrupsiyadan danışmaq doğru deyil. Bu məsələlərlə bağlı dəqiqləşdirilmə aparıldıqdan sonra bir söz söyləmək olar”.

Layihə səsə qoyularaq qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR