AXCP Rəyasət Heyəti Xaliq Bahadıra rəsmi xəbərdarlıq edib

AXCP Rəyasət Heyəti Xaliq Bahadıra rəsmi xəbərdarlıq edib
# 28 mart 2011 10:27 (UTC +04:00)
Bu barədə APA-ya partiya sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. F. Qəhrəmanlı bildirib ki, X. Bahadırın iştirak etmədiyi iclasda ona İctimai Palatanın (İP) sessiyalarındakı çıxışları ilə bağlı xəbərdarlıq edilib: “Özü iclasda iştirak etməsə də, xəbərdarlıq qərarı onun diqqətinə çatdırılacaq”.

RH üzvü Xaliq Bahadır isə APA-ya açıqlamasında ona hansısa xəbərdarlıq barədə məlumat verilmədiyini deyib: “Mən heç bir iclasa çağırılmamışam, başqa bir şeydən də xəbərim yoxdur”. X. Bahadır İctimai Palatanın növbəti sessiyalarında tənqidi çıxışlarını davam etdirib-etdirməyəcəyi haqda suala isə belə cavab verib: “Mən İctimai Palatanın iclasları üçün çıxışlar seriyası hazırlamamışam. Bunu hamıya bildirirəm. İctimai Palatanın Koordinasiya Şurası barədə ortaya konkret neqativ fakt çıxıb, mən o faktla bağlı sözümü demişəm. Buna çıxışlar seriyası kimi baxmaq olmaz. Bu, çıxışlar seriyası deyil, konkret fakta konkret reaksiyadır”.

Xatırladaq ki, X. Bahadır İP-nin son iki sessiyasında Koordinasiya Şurasının üzvlərini tənqid edib. O, martın 24-də keçirilmiş sonuncu iclasda Koordinasiya Şurasını xalqın maraqlarını satmaqda, agentura şəbəkəsi rolunu oynamaqda ittiham edib. X. Bahadır Koordinasiya Şurasının buraxılmalı olduğunu da söyləyib: “Təkrar və gizli səsvermə yolu ilə Koordinasiya Şurasına yeni üzvlər seçilməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR