Əli Əliyev: “İctimai Palatanın davranışları müxalifətin inteqrasiyasını nəzərdə tutmur”

Əli Əliyev: “İctimai Palatanın davranışları müxalifətin inteqrasiyasını nəzərdə tutmur”
# 30 mart 2011 14:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Yeni format öhdəlikləri nəzərdə tutan birlik yox, əməkdaşlıq çərçivəsi olacaq”. Bunu APA-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Partiya sədri bildirib ki, 8 müxalifət partiyasının bir araya toplanması ilə bağlı təkliflərindən, bu çərçivədə aparılan danışıqlardan sonrakı vəziyyətin qiymətləndirilməsi prosesinə başlanılıb. Onun sözlərinə görə, artıq müxalifət düşərgəsində əsl vəziyyət məlum olub: “Bir daha göründü ki, İctimai Palata ilə bağlı dediklərimiz özünü doğrultdu. Bəlli oldu ki, İctimai Palata bir qisim şəxsin və partiyanın müxalifət düşərgəsində hegemonluğundan irəli gələn formatdır. Əslində, bu qurumun davranışları müxalifətin inteqrasiyasını nəzərdə tutmur. Belə olmasaydı, elementar qaydada Müsavat və Xalq Cəbhəsi partiyalarının sədrlərinə ünvanladığımız müraciətə cavab verərdilər”.

Ə. Əliyev deyib ki, bu cür davranış bəzi şəxslərin psixoloji durumundan xəbər verir: “Biz həmişə müxalifətin bərabər şərtlərlə bir arada olmasının tərəfdarı olmuşuq, bu mövqeyimizdə də qalırıq. Fəaliyyətində hansı partiya bu mövqeyi nümayiş etdirirsə, onlarla birgə olmağa qərarlı olacağıq. Bu çevrənin müəyyənləşməsi üçün görüşlərə başlayacağıq”.

Ə. Əliyev 2 həftə ərzində əməkdaşlıq edəcəkləri çevrə barədə ictimaiyyətə məlumat verəcəklərini də qeyd edib: “Növbəti mərhələdə kimlərlə danışmaq mümkündürsə, onlarla da müzakirə aparacağıq. Bu öhdəlikləri nəzərdə tutan birlik yox, əməkdaşlıq format olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR