Bakı şəhər İcra Hakimiyyəti İctimai Palataya Bibiheybət qəsəbəsində mitinq keçirməyi təklif edib

Bakı şəhər İcra Hakimiyyəti İctimai Palataya Bibiheybət qəsəbəsində mitinq keçirməyi təklif edib
# 31 mart 2011 11:59 (UTC +04:00)
Bu barədə APA-ya İP-ə daxil olan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu məlumat verib.

O bildirib ki, BŞİH “Nərimanov” kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyası keçirməyə razılıq verməyib. Əvəzində aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.

Müsavat partiyası başqanının müavini Arif Hacılı isə APA-ya bildirib ki, onlar aksiyanı “Fəvvarələr meydanı”nda keçirəcəklər: “İctimai Palata olaraq mitinqi aprelin 2-si saat 14.00-da “Fəvvarələr meydanı”nda keçirəcəyik”.

Qeyd edək ki, İP adından Müsavat Partiyası, AXCP, KXCP və AMİP nümayəndələrinin imza ataraq BŞİH-ə göndərdikləri müraciətdə demokratik islahatlar aparılması, söz azadlığının təmin edilməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi, Qarabağa azadlıq və s. şüarları ilə “Nərimanov” kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyasının keçiriləcəyi bildirilib.

İctimai Palata (İP) quruma daxil olan partiyaların bir neçə üzvünün polis tərəfindən saxlanılması barədə də məlumat yayıb.

Məlumata görə, Müsavat Partiyasının üzvləri Mehdi Mehdiyev polis bölməsinə aparılıb, İbrahim Əhmədzadə və Rauf Məmmədov isə polis tərəfindən dindirildikdən sonra sərbəst buraxılıblar.

Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Elçin Səlimov isə Sumqayıt səhər 3-cü polis bölməsindən məhkəməyə aparılıb.

KXCP Ağsu rayon təşkilatının sədri Yaqub Babanlı və Samux rayon təşkilatının sədri Tahir Abdullayev, AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynli, AXCP sədri Əli Kərimlinin mühafizə qrupunun rəhbəri Kərim Mehdiyev, müsavatçı Xalid Amanlı, Rövşən Nəsirli də saxlanılıblar.

Ümid Partiyası isə Bakı Şəhər İcra Hakimiyyətinin mitinq üçün edilmiş müraciətləri mənfi cavablandırmasına etiraz edib.

Partiya mitinqlər öncəsi təşkilatçı partiyaların funksioner və aktivlərin saxlanılmasını pisləyib, hakimiyyəti siyasi partiya və ictimai təşkilatların müraciətlərinə qanuna müvafiq cavab verməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR