Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda III sessiya keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda III sessiya keçirilib
# 08 aprel 2011 11:39 (UTC +04:00)
APA-nın məlumatına görə, sessiyada Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və UNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenounun sədrliyi ilə keçirilən sessiyada qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi cəmiyyət haqqında oynadığı rolun təşviq edilməsi məqsədi ilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsi məsələləri müzakirə olunub.

Sessiyanı açıq elan edən Mehriban Əliyeva qonaqları salamlayıb və forumun əhəmiyyətindən danışıb. Azərbaycanın birinci xanımı vurğulayıb ki, son illər Bakı əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi üçün həm güclü zəminin, həm də əlverişli mühitin mövcud olduğunu qeyd edən Mehriban Əliyeva bildirib ki, qədim dövrdən bu günədək Azərbaycan bütün dünyaya açıq olan bir ölkə kimi tanınır: “Ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən müsəlman məscidi, katolik ibadətgahı, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm nəticəsidir. Forumda səslənəcək müxtəlif fikir və təkliflərin, tədbirin nəticələrinin mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə layiqli töhfədir”.

UNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenou sessiyanın çox əhəmiyyətli olduğunu qeyd edib: “Çünki bu sessiya qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi oynadığı rolun təşviq edilməsi məqsədilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsinə yönəlib. Bu baxımdan, mədəniyyətlərarası dialoq müştərək universal dəyərlərdən ilhamlanan davamlı proses hesab edilir”.

Rusiya Federasiya Şurasının sədr müavini Svetlana Orlova, Paris şəhəri, 7-ci rayonun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati, ABŞ Mədəniyyətlərarası Dialoq Mərkəzinin direktoru Vendi Lids-Hurvits çıxışlarında bildirib ki, dünyada müxtəlif siyasi, sosial və mədəni məsələlərin çoxsaylı istinad nöqtələri var. Bununla bərabər, müxtəlif mürəkkəbliklər də mövcuddur. Natiqlər dünyada dialoqu gücləndirmək məqsədilə qadınların təcrübə və istəklərinin müxtəlifliyinə ədalətlə yanaşmağı bu müxtəliflikdən bəhrələnməyi və dialoqun miqyasını artırmağı təklif ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR