Mirmahmud Mirəlioğlu: “Müxalifətin birliyinin yaradılması çox çətindir”

Mirmahmud Mirəlioğlu: “Müxalifətin birliyinin yaradılması çox çətindir”
# 27 aprel 2011 13:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müxalifətin birliyinin yaradılması istiqamətində illərdir mübarizə aparırıq. Təəssüf ki, Azərbaycanda bunu həyata keçirmək çox çətindir”. Bu sözləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O, Azərbaycan Liberal Partiyanın sədri Lalə Şövkətin müxalifətin məsləhət mərkəzinin yaradılması təklifinə də münasibət bildirib: “Azərbaycanda mümkün olmayan ən çətin proseslərdən biri də müxalifətin məsləhətləşmələrə nail olmasıdır. Bütün hallarda şəxsi ambisiyalarda ilişib qalmaq düzgün deyil. Ümummilli məsələlərdə məsləhətləşmələrə ehtiyac var”.

M. Mirəlioğlu müxalifəti daha geniş koalisiyanın tərkibində görmək istədiyini söyləyib: “Birliklərin yaradılması təşəbbüsünə dəstəyimizi əsirgəmirik. Lakin bu məsələdə ciddi problemlər də mövcuddur. Qədim dövrdə Ərdəbil şəhərində belə bir məsəl var idi. Deyirdilər ki, Ərdəbil hərəsinin öz ağsaqqalı olan 8 küçədən ibarətdir. Bizdə də təxminin vəziyyət belədir. Vasitəçilik məsələsinə kiminsə ehtiyacı olacaqsa, biz heç nəyi əsirgəməyəcəyik. Təəssüf ki, Azərbaycanda bunu həyata keçirmək çox çətindir. Amma bundan çəkinmək də düzgün deyil”.

M. Mirəlioğlu KXCP-nin İctimai Palatada tam tərkibdə iştirak etməməsinə də aydınlıq gətirib: “Heç bir partiya İctimai Palatada tam tərkibdə təmsil olunmur. Məqsədli şəkildə bu məsələni qabardırlar. Məsələn, AMİP-lə bağlı çox maraqlı vəziyyət yarandı. AMİP üzvlərinin bəziləri hələ də İctimai Palatada təmsil olunur. KXCP-nin üzvlərinin isə mənim iştirakım olmamasına baxmayaraq, İctimai Palatada təmsil olmasında problem yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR