Qüdrət Həsənquliyev: “Məni hədələyirlər” - MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Məni hədələyirlər” - <font color=red>MÜSAHİBƏ</font>
# 18 may 2011 09:55 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

“Uşaqlar həbsdədir, onlar isə kurortda”

- Dünən parlamentdəki çıxışınız yenə də müzakirələrə səbəb oldu. Razılaşdırılmamış etiraz aksiyası zamanı həbs olunan gəncləri azadlığa buraxmağa çağırdınız. Həm də İctimai Palatanın bəzi aparıcı şəxslərinin Yessentukidə istirahət etdiklərini dediniz. Yessentukidə olan Rauf Arifoğlu isə sizə o qədər də yaxşı olmayan arzularını göndərib...

- Mən özüm də daxil olmaqla hər bir azərbaycanlıya ildə heç olmasa bircə dəfə kurortlara gedib sağlamlıqlarını möhkəmləndirməyi, yaxşı dincəlməyi arzu eləyirəm. Rauf bəyin səhhətində problem varsa, Allahdan ona şəfa diləyirəm. Yessentukiyə böyük məmnuniyyətlə gedərdim. Rauf bəy öz qəzetində mənim hər çıxışımdan sonra onu sifarişlə etdiyimi yazır. Həccə getsə də, Allahdan qorxmur. Mən isə kiçik bir həqiqəti demişəm. Sözün doğrusu, mən çıxışımda Rauf Arifoğlunu yox, böyük dəyərlərdən danışan, İctimai Palatanın "beyni" və "lokomotivi" Pənah bəyi nəzərdə tutmuşdum. Ona da şəfa diləyirəm, İctimai Palatanın Yessentukidə olan digər üzvlərinə də... Səhv etmirəmsə, onlar Yessentukiyə gedəndən sonra da gənclərdən həbs edilənlər olub. Gənclər razılaşdırılmamış mitinqə onların qərarı ilə çıxmışdılar. İndi gənclər həbsxanada, onlar isə kurortdadır. Heç olmasa istintaqın bitməsini gözləmək olardı. Öz əməllərində nöqsan görməyib, mənə qarğış edirlərsə, bunu onların vicdanına buraxıram. Açıqlamamda hər hansı çirkinlik və təhqir görmürəm. Fikirlərimdə hər kəsi, xüsusilə də gəncləri düşündürməli olan və hər kəsə bəlli kiçik bir fakt yer alıb. Uşaqlar həbsdədir, onlar isə kurortda. İctimai Palatanın başında duranlar başqalarını aksiyaya çağırıb özləri çıxmırlar, başqa qadınları mitinqlərə dəvət etdikləri halda, öz qadınlarını aksiyalara buraxmırlar. Sonra da istəyirlər ki, heç kim bu barədə danışmasın. Özləri də söz azadlığı tələb edirlər. Tənqidlərimə nifrətlə yox, soyuq başla yanaşsalar, onlara çox böyük faydası olar.

“Hökumət bir yana, bəs Əli Kərimliyə niyə inanmırlar?”

- Siz ötən həftə Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) prezidenti Petros Eftimiunun ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüşündə də oldunuz. Nədən danışdınız?

- Əslində o görüşə parlamentdə təmsil olunan partiyaların rəhbərlərini dəvət etmişdilər, əlavə olaraq daha üç partiyanın rəhbəri də iştirak edirdi. Qarabağ məsələsində ümumən bütün siyasi partiya rəhbərlərinin mövqeyi eyni oldu. Amma tutaq ki, ölkədə demokratiyanın vəziyyəti ilə bağlı məsələlərdə fikir ayrılığı oldu. Vəziyyəti həddindən artıq tünd qiymətləndirənlər də vardı, durumun normal olduğunu söyləyib, amma bunu daha da inkişaf etdirilməli olduğunu istəyənlər də... Şəxsən mənim üçün beynəlxalq təşkilatlarla görüşlərimdə sözsüz ki, prioritet məsələ Qarabağ mövzusu olur. Bu görüşdə də çıxışımın əsas məğzi ondan ibarət oldu ki, bizim bəzi siyasətçilər beynəlxalq təşkilatların Qarabağ problemi ilə bağlı istəklərinin nədən ibarət olduğunu bilib, siyasətlərini bu istəklərə uyğun müəyyənləşdiriblər. Bəzən də vurğulayırlar ki, Qarabağ probleminin həlli həm Ermənistanda, həm də Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi ilə bağlıdır. Bu sözləri deyən partiya sədri də görüşdəydi. Mən də dedim ki, bəzi beynəlxalq təşkilatlar bu mövqeyi bölüşür və gözləyirlər ki, Azərbaycan və Ermənistanda bunların görmək istədiyi “demokratiya səviyyəsinə” gəlib çatacaq və bundan sonra Qarabağ problemi həll olunacaq. Mən də dedim ki, Dağlıq Qarabağ problemi region üçün böyük təhlükədir, bunu ölkənin demokratikliyi ilə bağlamaq düzgün deyil, bununla manipulyasiya edirlər. İndi Ermənistanda və Azərbaycanda demokratiya uğrunda mübarizə edən qüvvələr vaxtilə Qarabağ uğrunda qanlı savaşın tərəfləri olublar. Orada dedim ki, o vaxt ölkənin ikinci şəxsi olan İsa Qəmbər də burada əyləşib. Ermənistanda da Ter-Petrosyan müxalifətdədir və demokratiya uğrunda mübarizə aparır. Ona görə də bu məsələnin demokratiyaya aidiyyəti yoxdur. Bir xalq, dövlət başqa xalqa və dövlətə qarşı ərazi iddiası ilə çıxış edib və dövlətlərin də ərazi toxunulmazlığı prinsipi var. Beynəlxalq təşkilatlar da bu mövqedən çıxış etməlidirlər.

Daxili siyasətlə bağlı mən dedim ki, demokratik proseslər inkişaf etdirilməli, çoxpartiyalı sistem bərpa olunmalı, partiyaların dövlət büdcəsindən maliyyələşməsi həll olunmalıdır. ATƏT Parlament Assambleyasının prezidenti isə Qarabağ məsələsi ilə bağlı ümumi formada bəyan elədi ki, ATƏT bir konsensus təşkilatıdır. Və ona görə də burada biz tərəflərdən heç birinə təzyiq edə bilmərik. Kimin haqlı ya haqsız olmasından asılı olmayaraq biz çalışırıq ki, tərəflər yalnız konsensusa, razılığa gəlsinlər. Yalnız bunda kömək edə bilərik. İkinci, demokratikləşmə ilə bağlı da fikri ondan ibarət oldu ki, ATƏT hazırda hökumətlə partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi ilə bağlı əməkdaşlıq edir və onlar da ümid edir ki, bu məsələ müsbət həllini tapacaq.

- Görüş zamanı hər hansı bir fikir qarşıdurması oldumu?

- Fikir qarşıdurması bayaq dediklərimlə bağlı oldu. Məsələni bu cür qoyurlar ki, guya bu problemin həlli Azərbaycanın demokratikləşməsindən keçir. Bu da kökündən yanlış, Dağlıq Qarabağ məsələsinin həllinin uzadılmasına xidmət eləyən, Azərbaycanın milli maraqlarına çox ziyan verən mövqedir. Mən də bu mövqenin əksini sübut eləməyə çalışdım. Məsələn, Əli Kərimli hesab edir ki, guya Azərbaycan demokratik ölkə olmadığına görə Azərbaycan iqtidarının Qarabağla bağlı dediyi məsələlər doğru olsa da, beynəlxalq təşkilatlar buna inanmır. Bu biri tərəfdən də bildirilir ki, beynəlxalq təşkilatlar Azərbaycanda hər şeyi görür, tutaq ki, bu həbslərin də arxasında nəyin dayandığını bilir, fərqindədir və buna görə etirazlar bildirirlər və s. Bəs necə olur ki, tutaq ki, bir nəfərin həbsi ilə bağlı beynəlxalq təşkilatlar həqiqəti bilir, amma o boyda Dağlıq Qarabağın işğalı ilə bağlı, bir milyon qaçqın olması ilə bağlı həqiqətləri bilmir? Niyə o həbslərlə bağlı iqtidarın mövqeyini gözləməyə, oradan məlumat almağa ehtiyac duymur, lakin Qarabağ münaqişəsi ilə bağlı məlumatı iqtidardan alır? Necə olur həbslərlə bağlı Əli Kərimlinin informasiyasına inanır, amma Dağlıq Qarabağla bağlı yox? Deməli, ya bunlar milli maraqların əleyhinə informasiya verirlər, ya da onlara bu həqiqəti görmək sərf etmir. Qarabağla bağlı beynəlxalq təşkilatlar sadəcə olaraq seyrçi mövqe tutublar, ermənipərəst mövqe tutublar. İnsan haqları ilə bağlı məsələlərdə isə əlbəttə, onların haqlı və haqsız olduqları məsələlər var. Azərbaycanda demokratik, Qərb standartlarına uyğun cəmiyyət qurulması onların arzusunda deyil. Onlar sadəcə olaraq bizim daxili problemlərimizi bilirlər və bu problemlərdən Azərbaycan üçün təzyiq vasitəsi kimi istifadə ediblər. Beynəlxalq təşkilatların Azərbaycanla bağlı tənqidlərini birmənalı olaraq pisləyib və sanki belə problemlər yoxmuş kimi yanaşmanı da qəbul etmirəm. Amma eyni zamanda bizim ictimaiyyət bilməlidir ki, bu problemlərin qaldırılması heç də Azərbaycanın demokratikləşməsi üçün deyil, Azərbaycan hökumətinə təzyiq etmək üçün bir bəhanədir.

“Pənah Hüseyn Yessentukiyə gedən günü Elnur Məcidlini tutdular”

- Problemlər varsa, bəlkə onları həll edib bəhanələri aradan qaldırmaq daha doğru olardı?

- Əlbəttə, tam razıyam. Məncə, beynəlxalq təşkilatlarla ölkədaxili məsələlərə görə yox, Qarabağ məsələsində qarşıdurmaya getmək lazımdır. Mən Qarabağ məsələsi ilə bağlı Azərbaycan prezidentinin mövqeyini birmənalı dəstəkləyirəm və alqışlayıram. Amma digər məsələlərdə bəhanə verilməsini başa düşə bilmirəm.

- Hansı məsələlərdə?

- Mən 2 aprel mitinqində tutulanların azadlığa buraxılması ilə bağlı çağırış etdim. Bunlar Azərbaycan vətəndaşlarıdır. İndi bunlar bir hadisə törədiblər. Mən hesab edirəm ki, onların böyük hissəsi artıq fərqindədirlər ki, yenə də hissə, emosiyaya qapılaraq, aparılan təbliğatın təsiri altına düşərək razılaşdırılmamış etiraz aksiyalarına qatılıblar, avantüranın qurbanı olublar. Artıq onlar da bilir ki, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn Yessentukiyə dincəlməyə gedən günü Elnur Məcidli adlı gənc tutulub. Məndə olan məlumata görə, onun atası ağır xəstədir, ailə də həddən artıq kasıb durumdadır. İndi siz təsəvvür edirsiniz ki, Elnur Məcidli onun bu hərəkətini necə qiymətləndirəcək? Yenidən tutaq ki, Pənah Hüseyn və onun kimi insanların çağırışı ilə Elnur Məcidli aksiyaya çıxacaq, yaxud etiraz aksiyasına qoşulacaq? Məncə, hökumət bu xəyal qırıqlığına uğradılmış gənclərə şans verməlidir.

“Qadınların üzlərini bağlaması qanunla qadağan edilməlidir”

- Siz hicabla bağlı keçirilən aksiyalara sərt reaksiyalar verirsiz...

- Təəssüf hissi keçirirəm ki, bizim belə aksiyaların keçirilməsinin pislənməsinə qoşulma ilə bağlı çağırışlarımıza qoşulan siyasi qüvvə olmadı. Müxalifətin radikal hissəsi bunu dəstəklədi. Əvvəla, deyim ki, o etiraz aksiyasına çıxanlar çox gözəl bilirdilər ki, tələbləri Konstitusiyasına zidd tələblərdir. Azərbaycan Konstitusiyasına görə din dövlətdən ayrıdır və hicab da dini atributdur. Heç kim hicabın dini atribut olduğunu dana bilməz.

Amma siyasilərin buna qarşı çıxmamalarının səbəbi var, bir qrup, xüsusilə də radikal müxalifət düşərgəsi belə hesab edir ki, düşmənimin düşməni mənim dostumdur. Yəni ki, iqtidarı özlərinə düşmən sayırlar. Bir qrup da dindar olduqlarına görə pisləmədilər, yəqin düşünüblər ki, mən də dindaram, o da dindardır. Bir qrup siyasi partiyalar var, bunu açıq etiraf etmək lazımdır ki, belə partiyalar üçün ideoloji dünya görüş anlayışı yoxdur. Bunlar sırf hakimiyyətə gəlmək uğrunda mübarizə aparırlar. Bunlar yeri gələndə kommunist, yeri gələndə sağ mərkəzçi ola bilərlər, yaşıllar da ola bilərlər. Yeri gələndə yeni partiyaya üzv də ola bilərlər. Bunlar hakimiyyəti Azərbaycanın hansısa bir dini liderindən də almağa hazırdırlar. Yəni ki, proseslərə o baxımdan qarışmırlar. Ancaq mən yenə də o fikirdə qalıram ki, İslam fundamentalizmi, İslam fanatizmi deyilən faktor, cərəyan var. Bunu danmaq mümkün deyil. Azərbaycanda buna qətiyyən yol vermək olmaz. Azərbaycan dünyəvi dövlətdir. Düzdür, vaxtilə bu qanunlar qəbul olunanda mən də səs vermişəm, amma dövlət dünyəvi ola-ola, bilmirəm nə dərəcə doğrudur ki, dünyəvi dövlətdə dini bayramlar dövlət səviyyəsində bayram edilir. Qurban bayramı, Ramazan bayramı dövlət səviyyəsində qeyd edilir.

Yəni Azərbaycanda küçədə kim istəyir başı örtülü gəzə bilər. Məncə, gələcəkdə biz kütləviliklə rastlaşsaq, Fransadakı kimi qadınların üzünün tamamilə bağlanılması qanunla qadağan olmalıdır. Hesab edirəm ki, bu cür qadınların sayı artarsa, Azərbaycanda da belə qanun qəbul olunmalıdır.

Məktəb yaşlı uşağın indidən çarşaba, hicaba bükülməsi isə yolverilməzdir. Çünki o bunu öz iradəsi ilə etmir. Mən hökumətin, hüquq-mühafizə orqanlarının, Azərbaycan iqtidarının bu məsələdə tutduğu mövqeni haqlı mövqe sayıram və birmənalı şəkildə dəstəkləyirəm. Dini fanatizmə qarşı mübarizə gücləndirilməlidir. Azərbaycanda hamılıqla həmin qüvvələrə qarşı dözülməz mühit yaratmalıyıq ki, onlar ölkədə siyasi gücə çevrilə bilməsinlər.

- Sizcə, din Azərbaycanda siyasi faktora çevrilibmi?

- Çox təəssüf ki, bu ərəfədədir.

- Bu cür çıxışlarınızdan sonra hədələr alırsınız?

- Əlbəttə. Mənə bu cür hədələr olur. Düzdür, bu, birbaşa mənim özümə deyilməyib. Amma müxtəlif vasitələrlə, müəyyən şəxslər tərəfindən hədələr çatdırılıb. Əslində bu hədələr məni geri çəkindirməyib, əksinə, bu hədələr təhlükənin miqyasının böyüdüyünü mənim üçün bir az da aydınlaşdırıb.

“Partiyaların maliyyələşməsi gələn ilə qaldı”

- Bir müddət əvvəl siz və parlamentdə təmsil olunan digər partiyaların rəhbərləri partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı Prezident Administrasiyasına müraciət etmişdiniz. Bununla bağlı hansısa yenilik varmı?

- Bu məsələ Avropa Şurası və ATƏT-lə müzakirə ediləcək, ona görə də bir az vaxt aparacaq. Bu səbəbdən də əvvəldən deyildiyi kimi bu məsələ mayda büdcəyə əlavə və dəyişikliklər edilən vaxt yox, yəqin ki, 2012-ci ilin büdcəsində öz əksini tapacaq.

- Siz müraciətinizdə yalnız parlamentdə təmsil olunan partiyaların maliyyələşməsini istəmisiniz?

- Yox, müraciətimizdə siyasi partiyaların maliyyələşdirilməsi məsələsinə baxılması qeyd olunub. Ancaq şəxsən mənim fikrim budur ki, yalnız parlamentdə təmsil olunan partiyalar dövlət büdcəsindən maliyyələşməlidir. Əgər bu olmasa, adamlar başlayacaq dövlətdən pul almaq üçün partiya yaratmağa. Hökumət təkcə parlamentdə təmsil olunan partiyaları deyil, digərlərini də maliyyələşdirmək istəyəcəksə, biz buna qarşı deyilik, bunu alqışlayacağıq.

“Haqlı da ola bilərəm, haqsız da...”

- Yenicə yaradılan “Parlament Müxalifət Deputat Qrupu”nda Ümid Partiyasının sədri İqbal Ağazadə nə əcəb təmsil olunmur?

- Biz bu qrupu yaratmaq barədə təşəbbüsü sonuncu parlament seçkilərindən dərhal sonra göstərmişdik. Həmin vaxt Sabir Rüstəmxanlı demişdi ki, onu çağırıb və o da gəlməyə söz vermişdi. Amma gəlmədi. Bu səbəbdən də bu dəfə onu dəvət etməyə ehtiyac olmadı.

- Sizin Milli Məclisdəki çıxışlarınızdan sonra haqqınızda bir sıra yazılar yazılır. Yazırlar ki, sifarişlə çıxış edir, hökumətdaxili qruplaşmaların marağından çıxış edir və s. Buna münasibətiniz necədir?

- Bu fikirlər daha çox radikal müxalifətə yaxın qəzetlərdə yer alır. Bu da onların zəifliyi, məsələlərə düzgün yanaşmaması ilə bağlıdır. Bunlar hesab edirlər ki, qəzetdə yazmaqla ki, iqtidarda iki nazirin, yaxud iki yüksək vəzifəli şəxsin arasında ziddiyyət var, bununla da tərəfdarlarına ümid verəcəklər. Əslində bununla onlar tərəfdarlarının da başının altına yastıq qoyurlar. İkincisi, bunlar mövzu tapa bilmirlər və hər hansı bir məsələni səviyyəli müzakirə etmək imkanları yoxdur. Qaldırılan məsələ qalır qıraqda, yazırlar ki, filankəsin sifarişi ilə danışıb. Əvvəla, deyim ki, indiyə qədərki fəaliyyətimdə mən hər zaman çalışmışam ki, öz fikirlərimi deyim. Öz fikirlərimdə haqlı da ola bilərəm, haqsız da. Ancaq mən hesab edirəm ki, fikirlərimdə haqlıyam. Hər zaman ictimaiyyətin, xalqın maraqlarından çıxış edərək öz fikirlərimi bildirmişəm.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR