AXCP sədrinin müavini: “Böyük ehtimalla iyun ayının ilk ongünlüyünə İctimai Palatanın aksiyası təyin olunacaq”

AXCP sədrinin müavini: “Böyük ehtimalla iyun ayının ilk ongünlüyünə İctimai Palatanın aksiyası təyin olunacaq”
# 23 may 2011 09:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “AXCP-nin də, Müsavat Partiyasının da aksiyaların davam etdirilməsi ilə bağlı qərarı var idi. Sadəcə olaraq aksiyaların vaxtı ilə əlaqədar müəyyən mübahisələr, müzakirələr yaranmışdı”. Bunu APA-ya açıqlamasında İctimai Palataya (İP) daxil olan AXCP sədrinin müavini Nurəddin Məmmədli partiyanın mayın 21-də aksiyaların keçirilməsi ilə bağlı qərarını şərh edərkən deyib. O, aksiyaların İP tərəfindən təyin olunduğunu bildirib: “Aksiyaları İctimai Palata keçirdiyinə görə, onun vaxtı, yeri və formasını biz müəyyən eləmirik. Qərar daha səlahiyyətli olan İctimai Palatada qəbul olunur. Təbii ki, İctimai Palata aksiyaların keçirilməməsi barədə də qərar verə bilər. Bu, onların səlahiyyətinə aiddir. Hesab edirəm ki, İctimai Palatanın aksiyaların keçirilməsi barədə qərarı qüvvədə saxlanılacaq”.

AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlı isə APA-ya deyib ki, İctimai Palatanın mayın 27-də keçiriləcək sessiyasında növbəti aksiyanın təyin olunacağı gözlənilir: “Çünki İctimai Palataya daxil olan partiyalardan əsas aparıcı mövqeyi olan partiya kimi AXCP-nin belə bir qərarı var. Yəqin ki, İctimai Palata da bu istiqamətdə müvafiq qərar qəbul edəcək. Böyük ehtimalla aksiya iyun ayının ilk ongünlüyünə təyin olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR