ALP və VİP “8-lərin zirvə toplantısı”nda iştirakla bağlı məsələyə yenidən baxacaq

ALP və VİP “8-lərin zirvə toplantısı”nda iştirakla bağlı məsələyə yenidən baxacaq
# 31 may 2011 12:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Liberal Partiyası (ALP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) “8-lərin zirvə toplantısı”nda iştirakla bağlı məsələyə yenidən baxacaq.

Bu barədə APA-ya VİP sədri Əli Əliyev bildirib. O deyib ki, təşəbbüsü irəli sürən Vətəndaş Hərəkatı Forumunun nümayəndəsi Qurban Məmmədov mətbuatda artıq tərəf kimi çıxış etməyə başlayıb: “Hamını bir araya gətirmək istəyən tərəf proseslərə öz münasibətini ifadə etməməlidir. Təəssüf ki, Qurban Məmmədov Vətəndaş Hərəkatı Forumunun təmsilçisi kimi son günlər mətbuatda siyasi baxışlarını nümayiş etdirməyə başlayıb. Bu artıq tərəf kimi görünməyə şərait yaradır və əlavə söz-söhbətə səbəb ola bilər”. Ə. Əliyev bildirib ki, yaxın günlərdə ALP, VİP və Yaşıllar Partiyası bu vəziyyəti dəyərləndirmək üçün bir araya gələcək: “Qurban Məmmədov bizimlə danışıqlarından fərqli açıqlamalar verir. Bu bizim həmin təşəbbüsə yenidən baxmağımızla nəticələnə bilər. Üç partiya bir araya gəlib situasiyanı dəyərləndirəcəyik. Məsələyə yenidən baxmaq zərurəti yaranıb”.

Ə. Əliyev buna baxmayaraq müxalifətin birliyinin qarşısını ala biləcək addım atmaq niyyətində olmadıqlarını da açıqlayıb: “İstəmirik ki, müxalifətin böyük birlik formatının alınmamasının günahkarı biz olaq, məsuliyyət bizim üzərimizdə qalsın. İstənilən halda müxalifətin bir araya gəlməsinin tərəfdarıyıq. Ancaq mənzərədə dəyişiklik var”.

Qeyd edək ki, Vətəndaş Hərəkatı Forumunu “8-lərin zirvə toplantısı”nda AXCP, AMİP, ALP, VİP, KXCP, ADP, Müsavat və Ümid partiyalarının iştirak etməsi təklifi ilə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR