Azərbaycanın bəzi müxalifət partiyaları sədrlərinin “Zirvə toplantısı” keçirilib

Azərbaycanın bəzi müxalifət partiyaları sədrlərinin “Zirvə toplantısı” keçirilib
# 09 iyul 2011 11:16 (UTC +04:00)
Toplantı iştirakçıları Müsavat və AXCP-ni tənqid ediblər

Bakı. Ramil Məmmədli - APA. Bu gün Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə “Zirvə toplantısı” keçirilib. APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, toplantıya dəvət edilən 8 partiya liderindən ikisi - AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər yığıncağa qatılmayıblar.

Demokrat, Liberal, Vətəndaş və İnkişaf, Klassik Xalq Cəbhəsi və Ümid partiyaları sədr, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) isə Mərkəzi Şuranın sədri səviyyəsində yığıncaqda iştirak edir.

Tədbirdə çıxış edən Vətəndaş Hərəkatı Forumunun nümayəndəsi Qurban Məmmədov ölkənin aparıcı siyasi partiya liderlərinin bir araya gəlməsini əhəmiyyətli hadisə adlandırıb. O qeyd edib ki, partiya liderlərinin müzakirələrin yekunu olaraq verəcəkləri qərar Azərbaycanın ictimai-siyasi səhnəsində dəyişikliyə stimul verə biləcək.

Sonra rəhbərləri çıxış ediblər. ADP sədri Sərdar Cəlaloğlu deyib ki, partiya rəhbərlərinin iştirakı ilə toplantının təşkilatçısının ictimai təşkilat olmasını müxalifət liderləri üçün utancvericidir. Onun sözlərinə görə, müxalifət uğursuzluqlar sindromunun əsirinə çevrilib. O bu toplantıya qatılmaqdan imtina edən Müsavat Partiyasının başqanı İsa Qəmbərin siyasi fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, vaxtilə 1-2 nəfərdən ibarət olan partiyalarla bir yerdə oturaraq müzakirələr aparan İsa Qəmbər bu gün ölkədə kifayət qədər tanınan partiya rəhbərləri ilə cəmiyyətin taleyüklü məsələsini müzakirə etməkdən yayınır. S. Cəlaloğlu müxalifətdə təmsil olunan bəzi partiyaların demokratiyaya zidd addımlar atdığına diqqəti çəkib: “Azərbaycanı dəyişdirmək üçün əvvəlcə özümüzü dəyişdirməliyik. Çünki bir-birimizlə dialoqa hazır deyilik”.

AMİP Mərkəzi Şurasının sədri Adnan Novruzov bildirib ki, toplantının niyyətinin xoş olacağına arzu etməklə yanaşı, bu yığıncaqda əldə olunacaq razılığın sələflərinin taleyini gözləməyəcəyinə ümid edir: “İctimai Palatanı xatırlamaqla yaxın tarixdə baş verənlərə göz gəzdirmək olar. Təəssüf ki, bəzi partiyalar müxalifətçilik uğrunda mübarizəyə üstünlük verir. Bunun üçün cəmiyyəti dəyişməzdən əvvəl özümüzü dəyişməliyik”.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan da çıxışına özünün də təmsil olunduğu düşərgəni tənqid etməklə başlayıb. Onun fikrincə, bir çox partiya sədrləri rəhbərlik etdikləri təşkilatları xanlığa çevirib. Məqsədləri də müxalifətin şahı olmaqdır. Ə. Temirxan təklif edib ki, müxalifətdaxili qarşıdurmalar aradan qaldırılmalı, iqtidar-müxalifət dialoquna stimul yaradılmalıdır.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə deyib ki, müxalifətin uğura nail olması üçün birlikdən başqa yolu yoxdur. Onun sözlərinə görə, 2003-2005-ci illərdə müxalifətin əldə etdiyi birliyi iflasa uğratmaqdansa, ittifaqı genişləndirmək lazımdır: “Təəssüf ki, yanımda əyləşməli olan şəxslər burada deyil, yoxsa öz fikrimi tam şəkildə onların diqqətinə çatdırardım”.

Ümid Partiyasının sədri İqbal Ağazadə də müxalifətin bir arada olmasını uğurlu məqam kimi vurğulayaraq, milli maraqlara nail olmaq uğrunda fəaliyyətin davam etdirilməsini məqsədəuyğun sayıb. O, çıxışında AXCP-ni, Müsavat Partiyasını da tənqid edib: “İctimai Palata əslində AXCP və Müsavatın birgə yaratdığı qurumdur. Onlar beynəlxalq təşkilatlarla görüşlərdə də İctimai Palatanı iki partiyanın yaratdığını bildirirlər. İctimai Palata iflasa uğrayacaq qurum idi. Bunu əvvəldən də demişdik. Zaman bizim haqlı olduğumuzu sübut etdi. İctimai Palatanın fəaliyyəti insanların həbsi ilə nəticələndi. Bu qurum insanlara həbsdən başqa bir şey vermədi.”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də müxalifət düşərgəsində baş verən proseslərlə bağlı narahatlığını bildirərək, qarşıda duran məsələlər haqda danışıb. Onun sözlərinə görə, müxalifətin uğuru onun birliyindən keçir.

Sonda partiya sədrləri ölkədə neqativ hallarla mübarizə, demokratiya qarşı birgə fəaliyyətin əks olunduğu bəyanat imzalayıblar. Partiya sədrləri əməkdaşlıqla bağlı niyyət protokolunun yenidən hazırlanması təklifi ilə də çıxış ediblər. Qərar alınıb ki, protokolun yenidən hazırlanması üçün işçi qrup yaradılsın. İşin koordinasiya olunması isə KXCP sədri Mirmahmud Mirəlioğluna həvalə olunub.

Yığıncaqda növbəti görüşdə AXCP və Müsavat Partiyalarının iştirakı da arzu olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR