Dairə Seçki Komissiyaları yenidən formalaşdırılıb

Dairə Seçki Komissiyaları yenidən formalaşdırılıb
# 19 iyul 2011 14:08 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda dairə seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılıb.

İclasda Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları MSK-da təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlüyünə namizədlərini təqdim ediblər. Namizədlər barədə MSK üzvü Fuad Cavadov, MSK katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov məlumat verib.

Bildirilib ki, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunub.

Beləliklə, DSK-lara ümumilikdə 1125 nəfər üzv seçilib. DSK-larda 10 siyasi partiya təmsil olunacaq ki, YAP istisna olmaqla azlıqda qalan digər 9 partiyanın ümumi təmsilçilərinin sayı 375 nəfərdir (onlardan 60 faizi əvvəlki DSK üzvləridir). Digər 375 nəfər YAP-ı, qalan 375 nəfər isə heç bir partiyaya mənsub olmayan müstəqil deputatları təmsil edəcək.

Sonda MSK üzvlərindən 1 nəfər əleyhinə səs verməklə (Akif Qurbanov) və 1 nəfər (Almaz Qəhrəmanlı) bitərəf qalmaqla DSK-ların tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul olunub.

DSK-ların yenidən formalaşdırılması ilə bağlı qərar və qərara əlavə olunan dairə seçki komissiyaları üzvlərinin siyahısı rəsmi mətbuatda dərc ediləcək. DSK-ların yeni tərkibi barədə məlumat MSK-nın internet səhifəsinə də yerləşdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR