Azərbaycan İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı İranı kəskin şəkildə tənqid edib

Azərbaycan İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı İranı kəskin şəkildə tənqid edib
# 22 avqust 2011 11:30 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı İranın Azərbaycana yönəlik müdaxilələrinə sərt reaksiya verib. APA-nın məlumatına görə, İranda insan haqlarının pozulmasına toxunan AİDP sədri yazılı açıqlamasında deyib ki, hazırda İran hakimiyyətinin daxili və xarici siyasətində ciddi çatışmazlıq yaşanır: “Bu çatışmazlıq İranın keçmiş SSRİ kimi müstəmləkə yaratmaqla dünyadan təcrid olunma yolu tutması ilə bağlıdır. İranda 30 ildən artıqdır xalqa cəhənnəm əzabı verilir. Şəriət qaydalarını hakim tutan rejim siyasətdə İslama zidd gedərək öz maraqlarını təmin etməklə, özünə gün ağlamaqla məşğuldur. Bu ölkədə müxalifətçilərin təqib, təzyiq və təhqir olunması, soydaşlarımızın təhqir olunması, ana dilinə qadağa qoyulması, etiraz edənlərin həbsi, işsizlik və zillət içində yaşaması İranın siyasi hakimiyyətinin mahiyyətindən xəbər verir”.
İranın Azərbaycanın daxili və xarici siyasətinə müdaxiləsini region, qonşuluq və islami baxımdan düzgün hesab etmədiyini deyən AİDP sədrinin sözlərinə görə, bu ölkəyə rəhbərlik edənlərin 30 ildə apardıqları uğursuz siyasətin günahını Azərbaycan və İsrailin əməkdaşlığında görməsi çox gülünc və qeyri-ciddi yanaşmadır.
“İslam dünyasında bir tək faciə var, o da istibdad və despotizmdir“ deyən T. Abbaslı hesab edir ki, müsəlmanlar dəyişməli, insan haqlarına və demokratiyaya qapı açılmalıdırlar: “Yəhudilərin ağıllarına gətirmədikləri xeyirləri islam ölkələrindəki despotizm onlara hədiyə edir. Yəhudi düşmənçiliyi olmamalıdır, yəhudilər də insan və bir millətdir. Əlbəttə sionizmi və ona bənzər xüsusiyyətləri sevmirik və dəstəkləmirik, əksinə onlara qarşı mübarizə aparılmalıdır. Hesab edirik ki, bütün islam ölkələri, həmçinin İran artıq yəhudi dövlətini rəsmən tanımalı, yeni doğru münasibətlər qurulmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR