Ziyalılar Forumunun III konfransı keçirilib

Ziyalılar Forumunun III konfransı keçirilib
# 04 noyabr 2011 14:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ziyalılar Forumunun III konfransı keçirilib. APA-nın məlumatına görə, “Milli birliyin şərtləri və yolları” mövzusunda keçirilən forumu professor Rafiq Əliyev açıb və o ölkədə ziyalıların rolu, cəmiyyətin formalaşmasında ziyalıların üzərinə düşən məsuliyyət haqda danışıb.

Məruzəçi qismində isə politoloq Eldar Namazov çıxış edib. O deyib ki, forumun təşəbbüsləri həmişə cəmiyyətdə rezonansla qarşılanıb. E. Namazov cəmiyyətdə milli birliyin yollarının aranmasının zəruriliyi haqqında da fikirlərini açıqlayıb: “Cəmiyyətin müəyyən təbəqələri arasında yaranan uçurumun aradan qaldırılması üçün hansı addımları ata bilərik. Ortaya çıxan bu suallar ziyalılar tərəfindən araşdırılan məsələlərdəndir. Çıxış yolu həmişə eyni olur. Bu, milli barışıqdır. Milli birlik isə hamının hüquqları tanınan zaman reallaşa bilər”.

Xalq şairi Ramiz Rövşən milli birliyi yarada bilən amillərlə bağlı fikirlərini açıqlayıb: “Elə bir cəmiyyət qurulmalıdır ki, insanlar öz bütövlüyünü və varlığını hiss etməlidirlər. Cəmiyyətin taleyində ziyalıların məsuliyyəti böyükdür”.

R. Rövşən qeyd edib ki, məqsəd Azərbaycanı arzu olunmayan təhlükələrdən, təlatümlərdən qorumaqdır: “Bunu başa düşməyənlər nadanlardır. Burada tərəf məsələsi yoxdur. Ziyalılar cəmiyyətin ozon qatıdır. Missiyamız milli birliyə gedən yolun hərəkətverici qüvvəsi olmaqdır. Heç bir siyasi ambisiyamız yoxdur. İstəyimiz cəmiyyətin xoşbəxtliyidir”.

Professor Cəmil Həsənli bildirib ki, milli birlik Azərbaycanda axtarışına çıxılan 150 illik ideoloji məsələdir: “Azərbaycan cəmiyyətində milli birliyin komponentləri mövcuddur. Sadəcə millətlə bir olmayanlar var”. C. Həsənli cəmiyyətdə rüşvət anlayışına qarşı loyallığın təhlükəli olduğunu və ölkədə milli birliyə xələl gətirən məqamların meydana çıxdığını da söyləyib.

Milli Məclisin keçmiş deputatı Gültəkin Hacıbəyli milli birlik ideyasının təəssübkeşlərindən olduğunu deyib: “Sovet dövründə ziyalıya düşmən mövqedə baxıblar. Bu, sovet ənənəsidir. Ancaq Azərbaycan ziyalısına münasibət yaxşı olub”. G. Hacıbəyli qeyd edib ki, ziyalını iqtidar-müxalifət tərəflərə bölünməməli, ədalətin tərəfdarı olmalıdır. Bu gün Azərbaycana təlatümlər və qarşıdurmalar lazım deyil: “Azərbaycanda qarşıdurma olmasa da, hamını razı salan konsensus da yoxdur. Düşünürəm ki, cəmiyyətdə dialoqa ehtiyac var. Necə demək olar ki, Azərbaycanda korrupsiya problemi yoxdur? Hesab edirəm ki, bu, Qarabağ məsələsi qədər ciddidir. Məhkəmələrdə vəziyyət necədir? Ziyalı olan şəxs deyə bilərmi məhkəmələrdə vəziyyət yaxşıdır? Təhsil problemləri, əsgər ölümləri də bu məsələnin tərkib hissəsidir. Vətəndaş olmalıdır ki, vətəndaşlıq mövqeyi olsun. Hər şeydən öncə düşüncə dəyişikliyi vacibdir. Amma nikbinəm və cəmiyyətdə - iqtidar və müxalifətdə də dialoq üçün potensial var. Ən yaxın zamanlarda dialoq üçün addım atılacaq”.

Rüstəm İbrahimbəyov isə bildirib ki, ziyalılar həkim yox, xalqın ağrısıdır: “Xalqın ağrısını ifadə edə bilərik. Vicdanımızın tələbi ilə daimi fikirlərimizi söyləmək bizim işimizdir. Digər məsələlər hökumətdən, aidiyyəti şəxslərdən, cəmiyyətdən asılıdır. Üzərimizə düşür ki, vəziyyəti cəmiyyətə açıq çatdıraq”.

Forumda professor Əli Abbasov, vəkil Aslan İsmayılov, professor Əbülhəsən Abbasov, politoloq Rasim Ağayev və digərləri də çıxış ediblər.

Sonda forumun toplantısının yekunu ilə bağlı müraciət hazırlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR