Şuşa Rayon İcra Hakimiyyətində Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Konstitusiya Gününə həsr edilən tədbir keçirilib - FOTOSESSİYA

Şuşa Rayon İcra Hakimiyyətində Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Konstitusiya Gününə həsr edilən tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 10 noyabr 2011 11:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Şuşa Rayon İcra Hakimiyyətində Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşəbbüsü ilə Konstitusiya Gününə həsr edilən tədbir keçirilib.

APA-nın məlumatına görə, konfransda çıxış edən GT MŞ-nın sədri, Milli Məclisin deputatı Fuad Muradov deyib ki, dünyada konstitusion hüquqların bərpası istiqamətində mübarizə gedir: “Azərbaycan vətəndaşları da Ermənistanın təcavüzü nəticəsində öz konstitusion hüquqlarını bərpa edə bilmir. Azərbaycanda işğal nəticəsində milyona yaxın qaçqın və köçkünümüz var. Onların ermənilər tərəfindən təhsil almaq, yaşamaq və eyni zamanda iqtisadi hüquqları pozulub. Bunu nəzərə alaraq, icma ilə birlikdə bu tədbiri keçirmək qərarına gəldik. Məqsədimiz gənc nəslin Ermənistanın təcavüzü və işğal edilən bölgələr və ümumiyyətlə proseslə bağlı məlumat verməkdir”.

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan vəziyyət və Azərbaycan vətəndaşların haqlarının pozulmasına ilə bağlı vəziyyət haqda danışıb.

Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev isə Azərbaycan Konstitusiyası və əsas müddəaları haqda çıxış edib.

Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Azərbaycan cəmiyyətində Konstitusiya ilə tanışlıq yetərincə deyil: “İlk növbədə buna diqqət yetirmək lazımdır ki, Azərbaycan ailəsində Konstitusiya kitabı varmı və ya oxunurmu? Həmçinin, Konstitusiyanın maddələri məktəblərdə öyrədilir? Bu məsələdə laqeydlik var”.

E. Məmmədov Dövlət Bayrağı Günü ilə bağlı paytaxt rəhbərliyinə iradlarını da çatdırıb: “Dövlət Bayrağı Günündə Bakıda hər bir evdə, bütün pəncərələrdə bayraq asılmalı idi. Lakin heç küçələrdə bayraq yox idi. Təəssüf ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu məsələyə diqqət yetirməyib”.

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli isə cəmiyyətdə şouya meylin artmasının təhlükəsi haqda danışıb: “Məncə, cəmiyyətdə həddən artıq çox çalıb-oynamaq, kef çəkmək tendensiyası artır. Artıq ciddilik xüsusiyyətlərinin itirilməsi təəccüblü görünmür. Kiçik yaşlarında - sovet rejimində Zəngəzuru erməni torpağı bilirdik. Qorxuram ki, 50 ildən sonra yeni nəsil Qarabağı Ermənistan ərazisi kimi tanısın. Uşaqlarımızı kiçik yaşlarından “torpaqlarımızı qaytarmalıyıq” şüurunda tərbiyə etməliyik”.

Milli Məclisin deputatı Rövşən Rzayev isə çıxışını Ermənistanın təcavüzü nəticəsində hüquqlarını bərpa edə bilməyən Azərbaycan vətəndaşlarının vəziyyəti kontekstində qurub. R. Rzayev qeyd edib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında keçirilməsi nəzərdə tutulan görüş noyabrın 28-nə təyin olunub.

Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan Konstitusiyası və bu Ali Qanundan irəli gələn müddəalar haqqında danışıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR