Ziyafət Əsgərov: “Azərbaycan Konstitusiyasının inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə mütərəqqi hesab edilə biləcək müddəaları mövcuddur”

Ziyafət Əsgərov: “Azərbaycan Konstitusiyasının inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə mütərəqqi hesab edilə biləcək müddəaları mövcuddur”
# 11 noyabr 2011 09:23 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycan Respublikası Konstitusiyasının inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəaları mövcuddur. Bunlardan biri Konstitusiyada sadalanan insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi ilə bağlıdır. Bu norma özündə insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə imkan verən mühüm prinsipi əks etdirir. Belə ki, qeyd olunan prinsip ölkəmizdə insan hüquq və azadlıqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və insan hüquqlarına dair beynəlxalq müqavilələrdə nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırılmasına imkan vermir”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov deyib. O bildirib ki, Konstitusiya ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycanın hüquq sisteminin ayrılmaz tərkib hissəsi elan edir: “Həmçinin nəzərdə tutur ki, əsas qanun və referendumla qəbul edilən aktlar istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyamızın insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumi müddəaları ilə yanaşı, onun ən böyük hissəsi olan "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslində müasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olan bütün insan hüquqları və əsas azadlıqlar, onların reallaşdırılmasının ümumi mexanizmləri, həmçinin ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən həddi təsbit edilib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR