Prezident İlham Əliyev YAP Qax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib

Prezident İlham Əliyev YAP Qax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib
# 17 noyabr 2011 11:34 (UTC +04:00)
Qax-APA. Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
İnzibati bina Qax şəhərinin Heydər Əliyev prospektində yerləşir. Binanın tikintisinə 2010-cu ilin yanvar ayında başlanılıb. Ətrafda əsaslı abadlıq işləri görülüb, yaşıllıqlar salınıb. Ümumi sahəsi 512 kvadratmetr olan ikimərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin YAP-ın fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşə də var. İnformasiya-kommunikasiya texnologiyalarının da tətbiq edildiyi yeni binanın bütün otaqlarında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Binada müasir havalandırma sistemi quraşdırılıb.
1993-cu il sentyabrın 19-da 128 nümayəndənin iştirakı ilə YAP Qax rayon təşkilatının ilk təsis konfransı keçirilib. Qax rayon təşkilatı YAP-ın rayon və şəhər təşkilatlarının yaranma tarixinə görə yeddinci qurumdur. Hazırda rayon təşkilatının 3 min 415 üzvü vardır. Onların 51 faizini qadınlar, 41 faizini isə gənclər təşkil edir. YAP Qax rayon təşkilatı 70 ərazi ilk partiya təşkilatını özündə birləşdirir. Hazırda rayonda fəaliyyət göstərən bələdiyyələrin tərkibində 119 nəfər YAP üzvü çalışır.
Dövlət başçısına binanın ətrafında salınan Gənclik parkında görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, ətraf ərazidə gənclər üçün yaşayış massivi də yaradılacaq. Prezident İlham Əliyev yeni inzibati binanın açılışı münasibətilə təbriklərini çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR