Gənclərin Bakıda keçirdiyi mitinq insidentlə başa çatıb - FOTOSESSİYA - YENİLƏNİB - VİDEO

Gənclərin Bakıda keçirdiyi mitinq insidentlə başa çatıb - <font color=red>FOTOSESSİYA - YENİLƏNİB - VİDEO</font>
# 17 mart 2012 13:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Gənclərin Hüquqlarını Müdafiə Komitəsi Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.

APA-nın mitinqi izləyən əməkdaşının verdiyi məlumata görə, aksiya gənclərin yürüşü ilə başlayıb.

Mitinqdə VHP-ci Samir Əsədli, Dalğa Gənclər Hərəkatının sədri Xanım Yadigarlı, Müsavat Partiyasından Səxavət Soltanlı, Respublikaçı Alternativ - REAL Hərəkatının nümayəndəsi Natiq Cəfərli, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və başqaları çıxış ediblər.

Çıxış edənlər vətəndaş hüquqları, təhsil sistemi, seçki prosesindəki problemlərdən danışıblar.

Mitinqin gedişində meydançaya elektrik enerjisinin verilişində qisa müddətə problem yaransa da, bir neçə dəqiqə sonra problem həllini tapıb.

Daha sonra aksiyanın qətnaməsi oxunub.

Aksiyada yalnız gənclər deyil, siyasi partiyaların fəalı və funksionerləri də iştirak ediblər.

Aksiyanı ATƏT-in Bakı ofisinin və yerli QHT-lərin nümayəndələri də izləyiblər.

Daha sonra “Bulistan” rok qrupu səhnəyə çıxıb. Lakin elə ilk anlardaca rokçu Camal Əlinin söylədiyi şeirdəki təhqiramiz ifadələr gənclərin etirazına səbəb olub. Təşkilatçılar mitinqin başa çatdığını bildirib, gəncləri meydanı tərk etməyə çağırsalar da, aksiyaçıların səhnədəki rokçularla mübahisəsi əlbəyaxa davaya çevrilib. Polis olaya müdaxilə edib. Rok qrupun üzvləri Camal Əli və Natiq Kamilov, həmçinin Nida Gənclər Təşkilatının üzvü Etibar Salmanlı polis bölməsinə aparılıb.

Aksiyanın təşkilatçıları da polisə dəvət edilib.

Qeyd edək ki, GHMK-ya Vətəndaş Həmrəyliyi, Xalq Cəbhəsi, Demokrat və Müsavat gənclər təşkilatları, o cümlədən “Nida” Vətəndaş Hərəkatı, “Dalğa”, “Azad”, “Müsbət Dəyişiklik” gənclər hərəkatları və İnsan Hüquqları Klubu daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR