Deputat Leyla Abdullayeva: “Həftədə bir dəfə anama yemək bişirirəm” – MÜSAHİBƏ

Deputat Leyla Abdullayeva: “Həftədə bir dəfə anama yemək bişirirəm” – <font color=red>MÜSAHİBƏ</font>
# 05 iyun 2012 07:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. 41 saylı Sumqayıt I Seçki Dairəsinin deputatı Leyla Abdullayevanın APA-ya müsahibəsi.

- Deputat seçilməzdən əvvəl neçə il idi ki, məktəb direktoru vəzifəsində çalışırdınız?

- Dörd il idi. Mən ali məktəbi bitirdikdən sonra öz bitirdiyim orta məktəbdə işləmişəm. İxtisasca rus dili müəlliməsiyəm. Əvvəl liseydə dərs demişəm. Altı ildir Sumqayıt şəhər 18 saylı orta məktəbin direktoruyam. İxtisasım üzrə - rus dilinin qrammatikası ilə bağlı iki dərs vəsaitinin müəllifiyəm.

- Neçə ildir Yeni Azərbaycan Partiyasının üzvüsünüz?

- 2000-ci ildən YAP-ın üzvüyəm, yəni 12 ildir. YAP-ın Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvüyəm.

- 2010-cu il parlament seçkiləri zamanı öz adınızı YAP-ın rəsmi namizədləri sırasında görəndə təəccüblənmədiniz ki?

- Mənə bu barədə təklif olmuşdu. Mən də təklifi qəbul etdim. Çünki özümdə bu gücü görürdüm. Axı məktəb direktoru da ictimaiyyət arasında olan bir insandır. Təklifi qəbul etməliydim. Etdim və adım siyahıda oldu.

- Milli Məclisdə bəzi deputatlar var ki, tez-tez – demək olar ki, hər iclas çıxış edirlər. Amma Siz aktiv deputatlardan deyilsiniz. Bunu nə ilə izah etmək olar?

- Mən daha çox parlamentdə üzvü olduğum Mədəniyyət Komitəsinin iclasında çıxış edirəm. Parlamentin plenar iclaslarında aktiv şəkildə çıxış edən deputatların təcrübələri çoxdur. Mən özüm parlamentin üçüncü, ya da dördüncü iclası zamanı çıxış etdim. Adını çəkmək istəmədiyim deputat həmkarlarımdan biri mənə yaxınlaşıb dedi ki, “yeni seçilən deputat əsasən altı aydan sonra çıxış edir, amma siz tez danışdınız”. Hətta mənə kompliment də dedi ki, çıxışınız gözəl oldu və bu ailəyə tez qoşuldunuz.

- Fikir vermişəm, Siz parlamentdəki çıxışlarınızı kağızdan oxuyursunuz...

- Əlbəttə, Milli Məclis elə yüksək tribunadır ki, orada fikirləri cəmləşdirmək, ardıcıllıq qurmaq, sistemləşdirmək vacib şərtlərdir. Yəni deputatın fikri konkret, danışığı aydın olmalıdır. Siz düz deyirsiniz, mən çıxışlarımı kağızdan oxuyuram. Çıxışlarımı özüm yazıram, yəni heç kimə etibar etmirəm. Yazıram, hazırlaşıb gəlirəm. Amma hansısa məsələ ilə bağlı hazırlaşmadan da sözümü deməyə qadir insanam.

- Çıxışlara evdə hazırlaşırsınız?

- Sözsüz ki, işdən kənarda hazırlaşıram.

- Siz daha çox yəqin ki, direktorluq etdiyiniz məktəbdə olursunuz, nəinki Milli Məclisdə...

- Əlbəttə ki, məktəbdə oluram. Orada 600-ə yaxın şagird təhsil alır, 100-ə yaxın şəxsə – 70 müəllim və texniki işçiyə – rəhbərlik edirəm. Bu isə asan bir iş deyil, çox çətindir. Həm hüquqşünas olmalısan, həm mühasib, həm təsərrüfatçı, həm pedaqoq və s.

- 2010-cu il parlament seçkiləri zamanı əsas rəqibiniz səhv etmirəmsə Müsavat Partiyasından İkram İsrafil idi...

- Bəli.

- Onunla münasibətiniz necə idi?

- Mən seçkiyə qədər İkram İsrafili televiziya vasitəsilə tanıyırdım. Birinci və sonuncu dəfə onu İctimai Televiziyada debata gələndə foyedə gördüm. Özü mənə yaxınlaşdı. Çox gözəl, xoş münasibət göstərdi. Mənim telefon nömrəmi götürdü. Dedi ola bilər ki, sizi təbrik edim, yaxud siz məni təbrik edəsiniz.

- Yəni baxmayaraq ki, Siz hakim partiyanı, o isə müxalifəti təmsil edirdi, bir-birinizə qarşı kəskin münasibətdə olmadınız?

- Elədir. Birincisi, bu, şəxsən mən tərəfdən ola bilməzdi. Çünki daim daxili səviyyəmi qoruyan bir insanam. Onun da haqqında deyə bilərəm ki, mənə çox mədəni yanaşdı.

- Siz deputat seçiləndə İkram İsrafil zəng vurub təbrik etdimi?

- Yox, zəng vurmadı.

- Sizin deputat qərargahınız var?

- Yox, qərargahım yoxdur. Amma məktəbdə konfrans zalı var. Orada şərait yaratmışam. Köməkçim orada əyləşir. Təbii ki, tədris prosesinə mane olmamaq şərtilə... Hələ elə olmayıb ki, mən hansısa müraciət edən seçicini qəbul etməyim, dinləməyim. Müraciət edən seçiciləri şəxsən özüm qəbul edirəm. Düzdür, deyə bilmərəm ki, bütün müraciət edənlərə kömək edirəm. Amma çalışıram hər kəsə əlimdən gələni edim. Sadəcə elə şeylər var ki, sadəcə məndən asılı deyil.

- Seçicilər Sizə əsasən nə ilə bağlı müraciət edir?

- Müraciətlər əsasən sosial xarakterli olur. Qeyri-sosial məzmunda da müraciətlər olur. Mən də, dediyim kimi, çalışıram əlimdən gələni edim. Sumqayıtda mini-əmək yarmarkası da keçirmişik.

- Necə düşünürsünüz, seçicilərinizin hamısı Sizi tanıyırmı?

- Mən deyə bilmərəm ki, seçicilərin yüz faizi tanıyır. Mən seçicilərlə tez-tez görüşürəm, onları dinləyirəm. Demirəm ki, iri görüşlər keçirirəm. Amma görüşlər olur.

- Öz deputatlıq fəaliyyətinizə yüz ballıq şkala ilə neçə bal verərdiniz?

- Bunu mən deyə bilmərəm, başqaları deməlidir. Həm də, axı mənə müraciətlər səlahiyyətimdən kənar işlərlə bağlı da olur. Kim ki, mədən razı qalır, yəqin ki, yüksək qiymət verir. Yəqin kimin işi səlahiyyətim çərçivəsindədir və həll edə bilmirəm, bu cür seçicilər narazı qalır. Ancaq mənə müraciət edənləri çalışıram heç vaxt narazı yola salmayım. Bir seçici gəlmişdi ki, mənə 1000 manat verin, sintezator alıram... Bəzən seçicilər hara müraciət edəcəyini bilmədiyindən, deputata müraciət edir. Çalışıram, istənilən müraciət edən seçiciyə ən azından istiqamət verim

- Məsələn, deyirsiniz ki, sintezatorun pulunu filankəs verə bilər?

- (gülür) Yox, belə demirəm.

- Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla münasibətləriniz necədir?

- Yaxşıdır. Sumqayıtda böyük işlər görülür. Eldar müəllim Sumqayıtda xeyli iş görüb.

- Bəs Sumqayıtın əvvəlki icra başçısı Vaqif Əliyevlə necə, tanışlığınız var idimi?

- Mən həmin vaxt məktəb direktoru idim. Bir məktəb direktoru kimi Vaqif müəllimə böyük hörmətim var idi. O da Sumqayıt üçün çox işlər görüb, əlindən gələn edib.

- Belə söhbət var idi ki, Sumqayıt şəhərinin simvolu sayılan “göyərçin” - üzərində göyərçin qanadları olan 15 ədəd üst-üstə qoyulmuş və aşağıdan yuxarıya doğru spiral şəklində burulan daş plitələrdən ibarət abidə söküləcək...

- Yox, dənizkənarı bulvardakı yerində qalır.

- O abidə sökülməlidirmi?

- Bilirsiz, bu, mənim səlahiyyətimə aid olan məsələ deyil. Amma deyə bilərəm ki, çox gözəl abidədir, həm də sumqayıtlılar o abidəni xoşlayır. Toy olanda gedib orada şəkil çəkdirirlər, qonaq gələndə ora aparırlar.

- Siz özünüz müəllim kimi məktəbdə dərs keçirsiniz?

- Bəli. Əsasən yuxarı siniflərə dərs keçirəm. Mən özümü yuxarı siniflərdə tapıram. Həm də düşünürəm ki, yuxarı siniflərin daha çox ehtiyacı var. Yəni, fikirlərim onlar üçün daha maraqlı ola bilər.

- Yəqin ki, ixtisasınız üzrə rus dili fənnindən dərs deyə bilmirsiniz.

- Xeyr, rus dilindən əvvəllər dərs deyirdim. Məktəblərdə indiyə qədər yalnız bir dilin tədrisinə imkan verilir, o dil olaraq da ingilis dili tədris edilir. Mən “Həyati bacarıqlara əsaslanan təhsil” adlı fənni tədris edirəm. Çox maraqlı bir fəndir. Ümumiyyətlə, bu fənn rus dili müəllimlərinə verilir, çünki onların dərs saatı az olur.

- Sizi öz nəslinizin ən tanınmış nümayəndəsi saymaq olar?

- Yox. Mən rəhmətlik atam Arif Abdullayevlə bağlı danışmaq istərdim. Atam Naxçıvanda anadan olub, hərbi xidmətini İrəvan şəhərində keçib. Sonra göndərişlə Bakıya gəlib. Orada bir qədər işləyib, Sumqayıta göndərilib. Sumqayıtda özünün rəhbərliyi ilə açılmış Yuyucu Tozlar Zavodunun direktoru olub. Uzun müddət partiya təşkilatının katibi vəzifəsində çalışıb. Çox səmimi, insanlara qiymət verən bir insan olub. Bunu tək mən yox, atamı tanıyan insanların hamısı deyir. Sumqayıtda çox tanınıb. Məncə, atam nəslimizin daha çox tanınan nümayəndəsi olub. Amma mən də çalışıram ki, insanlara xidmət edim, həm də tanınım.

- Evdə xidmətçiniz var?

- Bunu məndən çox adam soruşub. Amma səmimi şəkildə deyirəm ki, yox. Bilmirəm bu sualı niyə verirlər, amma çox soruşublar. Mən anamla yaşayıram. Anam həkimdir, amma yaşı ilə əlaqədar hazırda işləmir. İmkan olanda çalışıram ki, bazar günləri evdən çıxmayım, evdə çalışım. Anamın yanına gələnlər olur, dost-tanış və s. Onlar da bilir ki, mən bazar günləri nə qonaq getməyi, nə də qonaq qəbul eləməyi xoşlamıram. Çünki anam deyir ki, heç olmasa bazar günü sənin yeməklərindən dadım. O, bişirdiyim yeməkləri çox xoşlayır. Mən də təbii ki, ona ən azı həftədə bir dəfə yemək bişirirəm. Amma kiminsə köməkçisi olmasına da pis baxmıram. Mən özüm isə evdə işimi özüm görürəm və bundan xüsusi zövq alıram.

- Sizin kimi boylu-buxunlu, yaraşıqlı bir xanım nə əcəb indiyədək ailə qurmayıb?

- Bu söhbətə mental xüsusiyyətlərimizə görə çox toxunmaq istəməzdim. Amma qısaca deyim ki, mən Allahın qismətinə inanıram. Bəlkə də qismət belədir...
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR