Azərbaycanın bəzi müxalifət partiyaları rəhbərlərinin həmməruzəçilərlə görüşündə Avropa Şurası kəskin tənqid olunub

Azərbaycanın bəzi müxalifət partiyaları rəhbərlərinin həmməruzəçilərlə görüşündə Avropa Şurası kəskin tənqid olunub
# 12 iyun 2012 15:03 (UTC +04:00)
Həmməruzçilər isə iradlarla razılaşmayıblar

Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt bu gün bir qrup müxalifət partiyasının nümayəndələri ilə görüşüblər.

ADP-dən APA-ya verilən məlumata görə, görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, ALP sədri Əvəz Temirxan və ADP sədrinin müavini Həsrət Rüstəmov iştirak edib. Toplantıda əsas müzakirə mövzusu Azərbaycanda insan hüquqları və demokratikləşmə prosesi olub.

Görüşdə AŞPA-nın Azərbaycanla bağlı mövqeyi tənqid edilib. Müxalifətçilər bildiriblər ki, Avropa Şurası son illər ərzində Azərbaycanda insan hüquqlarının pozulması istiqamətində baş verən heç bir hadisəyə münasibət bildirməyib, siyasi baxışlarına görə, saxlanılanların vəziyyətinə dair monitorinq keçirməyib, seçki prosesi zamanı edilən saxtakarlıqlar tənqid edilərək, hökumətdən lazımı addımlar atılması tələb olunmayıb.

Müxalifət partiyalarının nümayəndələri AŞPA həmməruzəçilərini mövqelərini müəyyənləşdirməyə, Azərbaycanda demokratiya əleyhinə olan addımlara dair hesabat hazırlamağa çağırıblar. Müxalifət təmsilçiləri eyni zamanda, son illər Avropa Şurasının Azərbaycanda ciddi monitorinq aparmamasını tənqid ediblər. Məruzəçilərin hazırladığı məruzənin mətni də müxalifət təmsilçilərinin tənqidinə tuş gəlib. AŞPA təmsilçilərinə bildirilib ki, onlar öz prinsiplərinə hörmət edərək, Azərbaycanda qanunların pozulmasına haqq qazandırmamalıdırlar.

Əks tərəf isə AŞPA-ya yönələn iradları qəbul etməsələr də, qarşı tərəfin mövqelərinə hörmət etdiklərini bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR