Qüdrət Həsənquliyev: “ATƏT sədri ilə görüşdən sonra bir daha yəqinləşdirdim ki, başqalarından torpaqlarımızın azad ediləcəyini gözləmək qədər absurd və qorxaq yanaşma ola bilməz”

Qüdrət Həsənquliyev: “ATƏT sədri ilə görüşdən sonra bir daha yəqinləşdirdim ki, başqalarından torpaqlarımızın azad ediləcəyini gözləmək qədər absurd və qorxaq yanaşma ola bilməz”
# 14 iyun 2012 12:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ATƏT sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmorun Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarının təmsilçiləri ilə görüşündə səslənən fikirlərlə bağlı bəzi məqamlar açıqlanıb. APA-nın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) mətbuat xidmətinin suallarını cavablandıran partiya sədri Qüdrət Həsənquliyev Eymor Gilmorla görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda demokratiyanın vəziyyəti barədə fikir mübadiləsinin aparıldığını bildirib.

BAXCP sədri deyib ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin diqqətinə Azərbaycanda parlament üsul-idarəçiliyinin tətbiqinin vacibliyini çatdırıb: “Bununla bağlı BAXCP-nin hələ 2007-ci ildə Konstitusiya islahatları paketi hazırladığını və parlamentə təqdim etdiyini vurğuladım”.

Q. Həsənquliyev Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin müzakirəsində ATƏT sədrinə bildirib ki, beynəlxalq birlik, o cümlədən ATƏT problemin Helsinki Yekun Aktının əsas prinsipləri, yəni dövlətlərin ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməmək əsasında tənzimlənməsini təklif edirlər: “Eymor Gilmora dedim ki, artıq Ermənistan bu prinsiplərdən birini pozub və nəinki Dağlıq Qarabağı, bu bölgənin ətrafındakı rayonlar da daxil olmaqla 20 faiz ərazilərimizi işğal edib. Güc tətbiqinə görə isə bu günə kimi Ermənistan cəzalandırılmayıb və bu işğalçı ölkəyə heç bir sanksiya tətbiq olunmayıb. ATƏT sədrinə Rusiya və İranın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadıqlarını söylədim. ATƏT sədrinin bu məsələdə qəti və prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğuladım və bildirdim. O isə cavab verdi ki, ölkəsi Böyük Britaniya ilə olan münaqişənin həlli üçün 75 il gözləyib və 20 il o qədər də çox vaxt deyil. Eymon Gilmor bizə zorakılıqdan çəkinməyi və gözləməyi məsləhət gördü, insan haqları barəsində isə bir kəlmə də danışmadı”.

BAXCP sədrinin sözlərinə görə, ATƏT sədrinin mövqeyi bir daha təsdiqlədi ki, beynəlxalq birlik münaqişənin həllində maraqlı deyil və danışıqlar prosesinin uzadılmasında əsas məqsəd Azərbaycanı güzəştlərə sövq etməkdir: “Gilmor bu mövqeyi ilə sübuta yetirdi ki, ya o münaqişələr arasındakı fərqliliyi görmür və dərk etmək iqtidarında deyil, ya da bizi qıcıqlandırmaq üçün belə bir riyakar mövqe sərgiləyir. Bu görüşdən sonra özüm üçün bir daha yəqinləşdirdim ki, Dağlıq Qarabağ məsələsində başqalarından torpaqlarımızın azad ediləcəyini gözləmək qədər absurd və qorxaq yanaşma ola bilməz. Özünə hörmət edən hər xalq işğala qarşı vuruşmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR